Ermənistan baş naziri Nikol Paşinyan hər dəfə sülh sazişinin imzalanması istiqamətində açıqlamalar verir. Lakin Paşinyanın səmimiliyi əməllərində özünü göstərmir. Bu dəfə o hökumətin iclasında deyib ki, “Azərbaycanla uzunmüddətli sülh əldə etmək imkanı var”. O Ermənistanla Azərbaycan arasında sərhədlər Alma-Ata Bəyannaməsi ilə müəyyən edilib və Praqa razılaşması ilə təsdiqini tapdığını vurğulayıb. “Delimitasiya prosesi onların möhkəmlənməsinə və dövlət sərhədinin “yerdə” əks olunmasına imkan verəcək”, - N.Paşinyan əlavə edib.
Politoloq Məhəmməd Əsədullazadə yenidən “sülh göyərçini” roluna girən Paşinyan barədə “Sherg.az”a açıqlama verib. Onun sözlərinə görə, Paşinyan hələ sülhə hazır deyil:
“Onların “humanitar şou” yaratması Brüssel formatına da kölgə salıb Qərb formatında danışıqlarda irəliləyiş gedirdi. Amma bu irəliləyişə sərhədə tırlar göndərməklə sabotaj etdilər. Paşinyan dəyişkən siyasətçidir, onun mövqeyi bəlli deyil. İlin sonunadək sülh sazişinin imzalanması da mümkün görünmür. Çünki Ermənistan sərhəddə təxribatlara davam edir, danışıqlar prosesinə zərbə vurur. Ermənistan tərəfi danışıqların intensiv başlaması üçün Laçın dəhlizinin açılmasını şərt kimi irəli sürə də bilər. Ermənistandan hər şey gözləmək olar. Ümumiyyətlə, Ermənistan Laçın yolu və Qarabağ məsələsindən imtina etməlidir”.