Saakaşvilidən Azərbaycana təşəkkür: Hara mesaj ötürür?  - ŞƏRH

 Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda Gürcüstanı dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib. Bu barədə Saakaşvili Facebook səhifəsində yazıb. "2008-ci il hadisələrində Azərbaycanın rolu yetərincə qiymətləndirilmir. Qardaş qonşu dövlət bizi yanacaq və maliyyə ilə təmin etdi ki, bu da ölkənin yaşaması üçün həlledici idi", - Saakaşvili yazıb. "Mən şəxsən İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm", - eks-prezident bildirib.
Saakaşvilinin açıqlamasını "Sherg.az"a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, bu, xüsusi sifarişlə verilən şərh deyil. Dəfələrlə Azərbaycanın Gürcüstana yardım etdiyini deyib:

“Rəsmi Moskva Azərbaycan-Gürcüstan strateji əməkdaşlıqdan, 2008-ci il  yardımlarından xəbərdardır. 
Bəlkə də, Saakaşvilinin Azərbaycandan dəstək gözləntisi var. Gürcüstan əhalisinin qeyri-rəsmi rəqəmlərə görə, 20 faizini Azərbaycan türkləri yaxud digər müsəlmanlar təşkil edir. Saakaşvilinin çıxışı qarşıdakı seçkilərdə, siyasi proseslərdə Gürcüstandakı etnik azərbaycanlıların, türk əsilli əhalinin səsinə hesablanmış ola bilər. Açıqlamasında ilk dəfə hərbi yardımlarla bağlı məsələyə toxunub, çox detal verməyib. “Lazım gəlsə, Azərbaycan açıqlayar” kimi şərh verib. Qərbə Azərbaycanın necə  önəmli olduğunu, gərək duyulduğunda Gürcüstanın köməyinə çatdığı mesajını verir”.