Politoloqların, analitiklərin şərhləri ölkədə ictimai rəyin formalaşmasına, siyasi şüurun inkişafına təkan verir. Bəzən sosial şəbəkədə prosesləri təhlil edib paylaşan ekspertlərin fikirlərində oxşarlıq nəzərə çarpır. Şərhçilərin “hər yerindən duran politoloq olur” kimi rəyləri ilə qarşılaşmaq da mümkündür.
Bəs bu “analitik qənaətlər” necə ərsəyə gəlir? Ekspertlər analitik qabiliyyətlərini necə zənginləşdirir?
“Sherg.az” bir neçə siyasi şərhçi arasında sorğu keçirib.
Hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, rəsmi məlumatlar konkret olduğu üçün detallarını açmaq gərəkir:
“Məlumat mərkəzləri eynilik təşkil edir. Qərbdə, Azərbaycanda, Rusiyada, Türkiyədə və digər ölkələrdə bəlli sayda xəbər agentlikləri var. Həm dövlətlərinin siyasəti, həm də digər ölkələrin qərarları ilə bağlı informasiyalar tirajlayırlar. Agentliklərdə müəyyən sayda təhlil, köşə yazıları önə çıxır.
Təhlillərə üstünlük verərkən rəsmi məlumatlar əsas götürülür. Özüm daha çox rəsmi bəyanatlarla tanış oluram. Bəyanatların nəyə hesablandığını düşünərək qənaətimi bildirirəm. Həmin agentliklərdəki təhlillər də müəyyən məsələlər haqqında fikir bildirmək üçün geniş bazanı təmin edir. Ekspertlərin fikirlərində oxşarlıq da bundan qaynaqlana bilər. Çünki mənbələr eynidir”.
Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, siyasi şərh üçün ən vacib analitik düşünmə qabiliyyətidir:
“Təbii ki, bu, kortəbii deyil, müəyyən datalara, əlaqələndirici xüsusiyyətləri olan ipuclarına söykənməklə ərsəyə gəlməlidir. Analitikada harmoniya olmalıdır. Statistikanın və hadisələrin sadalanması analitika sayıla bilməz. Təbliğat isə tamamilə fərqli müstəvidir. Bəziləri bərk qışqırıb hamıya səsini çatdırmağı analitika hesab edir, ancaq belə deyil. Çünki analitikanın spesifik auditoriyası var.
Mən daha çox xarici mənbələrə baxıram, nüfuzlu analitik mərkəzlərdəki tezisləri təhlil edirəm, ipucularını birləşdirərək vahid əlaqə qurmağa çalışıram. Həmçinin kəşfiyyatlarla əlaqəli saytlara və ya birbaşa kəşfiyyatların saytlarına "baş vurmağı" uyğun sayıram. Oyunçuların xarici siyasəti, bunun nəzəri əsasları olan doktrinaları diqqətlə izləməyə səy göstərirəm".
Aqşin Kərimovun fikrincə, geosiyasi vəziyyəti dəyərləndirmək üçün müvafiq kriteriyalar, analitik düşünmə qabiliyyəti lazımdır və bir çox mənbələrə əziyyət çəkib baxmaq mütləqdir:
"Əks təqdirdə, analitik məqalə çox çiy görünər. Yəni ortada sintez olmalıdır ki, analitikadan danışasan. Analitikada bir informasiya üzərindən deyil, proses üzərində təhlil yürütməyin tərəfdarıyam. Konseptual baxış önəm daşıyır. Beynəlxalq medianı, qlobal analitik meydanda "at oynadan" mərkəzlərin saytlarındakı hesabatları incələməyi daha məqsədəuyğun hesab edirəm.
Ancaq hər deyiləni, yazılanı əzbər demək yox, onu incələmək, sərhədləri ayırıb gizli tezisləri tutmaq lazımdır. Bəyanatlardakı kodlar da bura daxildir. Çünki bir bəyanatın açıq hədəfi ilə yanaşı subliminal hədəfləri də mövcuddur.
Azərbaycanın xarici və müdafiə siyasəti barədə isə aydın təsəvvürlər yaradan sənədləri oxuyuram ki, təqdim etdiyim fikirlər çiy olmasın. Üzərimdə daha çox işləmək mənim prioritetimdir”.
Politoloq Aytən Qurbanova bütün məlumatları rəsmi internet səhifələrindən və ilkin mənbələrdən əldə etməyə üstünlük verənlər sırasındadır:
“ Bəzi yerli, eləcə də, qlobal xəbər səhifələrini də izləyirəm. Amma dövlət, hökumət başçılarının çıxışları və verdikləri müsahibələr mənim üçün başlıca informasiya mənbəyidir. Ümumi təhlillərimi də məhz bu əsasda edirəm”.
Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli deyir ki, ekspertin elmi əsası olmalıdır. Həvəskar şərhçilik yox, elmi metodlara söykənən rəylər daha fərqli və uğurlu nəticə verir:
“ Xarici dil biliyi əhəmiyyətlidir. Həmçinin doğru, rəsmi informasiyanı seçmək lazımdır. Şərhin insayder (oxu. qapalı informasiyaya əli çatan şəxs) informasiyaları daha etibarlıdır. Şərhçilik politologiya, beynəlxalq münasibətlər, siyasi nəzəriyyə kimi sahələri əhatə edir. Elmin müqayisəsi, məqsəddən asılı olaraq analizlərin formaları var. Onların əsasında təhlil işini qurmaq mümkündür. Rəsmi informasiyanı təkrar etmək, sadəcə formasını dəyişdirmək proqnoz vermək deyil. Azərbaycan şərhçilik məktəbi yenidir, təzə kadrların da yetişməsi zəruridir.
Geosiyasi vəziyyətlə bağlı siyasi coğrafiyanı bilmək gərəklidir. Tutalım, hansısa ölkə barədə proqnoz verirsizsə, həmin ərazinin xəritəsini göz önündə canlandırmaq lazımdır. Xarici ekspert Azərbaycan haqda danışırsa, ölkəmizin coğrafiyasını, mövqeyini bilməlidir. Mövqe əsasında dərhal Rusiyanın, İranın, Türkiyənin, Xəzər hövzəsinin enerji ehtiyatlarını dilə gətirəcək. Geosiyasətin sirri isə əhalinin sosial stratifikasiyası, dinamikası, düşüncə treyektoriyası ilə əlaqəlidir”.
Siyasi şərhçi Rusif Məmmədsoy söyləyir ki məsələni təhlil etməzdən öncə hadisə ilə bağlı dəqiq məlumatları əldə etmək lazımdır:
“Yalnız dəqiq məlumat əldə etdikdən sonra hadisə barədə fikirlər yürütmək olar. Bundan əlavə tərəflərin maraqları, hansı addımları ata biləcəkləri təxmin edilir və əsaslandırılır. Eyniliyə gəlincə isə əgər yeni bir hadisə yoxdursa, bir çoxlarının gəldiyi qənaət eyni olur deyə bilərik. Amma bu hər kəsə şamil edilmir”.
Politoloq Sədrəddin Soltan deyib:
“"Report İnformasiya Agentliyində" işləyirəm. Ona görə fikirlərimi sosial şəbəkə üçün paylaşmıram. Müxtəlif istiqamətlərdə şərhlər yazır və KİV-ə müsahibələr verirəm. Fərqli informasiya mənbələrindən yararlanıram”.
Politoloq Samir Hümbətov günün azı 2-3 saatını informasiyaları izləməklə keçirir:
“Həm yerli, həm də beynəlxalq medianı izləyirəm. 2-3 saat ərzində də kitablar oxuyuram, sahəmə dair mütaliə edirəm, təhlillər aparıram. Qeyri-dəqiq məlumatlara əsaslanaraq fikir yürütməyi doğru saymıram. İnformasiyanı bir neçə mənbədən dəqiqləşdirirəm. Əsas mənbədən, əks və neytral informasiyalardan yararlanıram. Dövlətlərin, xalqların mövcud siyasi vəziyyətini dəyərləndirirəm".
Sorğu iştirakçılarının fikirlərindən bəlli olur ki, siyasi təhlil, analiz üçün mənbələr eyniyyət təşkil edir. Bu da, təhlil və rəylərdə bənzərliyə gətirib çıxarır. Fərqlənmək lazımdır, xanımlar və cənablar!