Fransa Rusiyanın zəifləməsindən istifadə edir - ŞƏRH

Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidmətindən bildirilib.

Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub.
Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir.

Dövlətimizin başçısı əlavə edib  ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. 

Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü vurğulayıb.

Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib.

Fransalı siyasətçilərin ciddi korrupsiya maraqları olduğunu deyən millət vəkili Asim Mollazadə "Sherg.az"a bildirib ki, Fransadakı zəngin erməni icması sülhə qarşıdır və müharibəni yenidən bərpa etmək istəyir:

"Bu məqsədlə isə çox ciddi vəsaitlər istifadə edir. Ümumiyyətlə həm Qarabağdakı, həm də Ermənistandakı erməni əhalisi onlar üçün bir girovdur. Təbii ki, erməni lobbisi Fransada mövcud olan siyasi korrupsiyadan istifadə edərək, rəsmi Parisi də bu proseslərə cəlb edir. Söhbət humanitar problemlərdən gedirsə, Qarabağdakı erməni əhaliyə Ağdam-Xankəndi yolu ilə hər şey çatdırıla bilər. Amma bunun qarşısı alınır. 
Çünki onlar revanşist qüvvələrə dəstək verərək yenidən problemlərin bərpasına çalışırlar. Yəni Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyasının qarşısını almaq istəyirlər. Digər tərəfdən Qarabağda məskunlaşmış radikal qüvvələrin məqsədləri Ermənistandakı hakimiyyəti yenidən əllərinə almaqdır. Fransa isə Rusiyanın bölgədə zəifləməsindən istifadə edərək öz koloniya siyasətini bu bölgəyə də gətirmək niyyəti güdür".

Xatırladaq ki, Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət “humanitar” yardım karvanı artıq Azərbaycan-Ermənistan şərti sərhədindədir.