Zərdüşt Əlizadə: "Bakının humanitar yardımı çox düzgün və vaxtında atılan addımdır"  -  MÜSAHİBƏ

"Biz öz yardım əlimizi uzatmışıq, onlar isə öz qabiliyyətlərini göstərib bu yardımdan imtina edirlər"

“Sherg.az” tanınmış politoloq Zərdüşt Əlizadə ilə ölkə gündəmini müzakirə edib. Söhbəti təqdim edirik:

- Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan 40 ton un göndərilib. Bunu necə dəyərləndirirsiniz? 

- Məgər əl tutmaq, ehtiyac içində olan əhaliyə yardım göndərmək nəcib iş deyilmi? Bu hadisəyə sevinmək lazımdır.  Ümumiyyətlə isə bu yardım həm siyasi, həm də humanitar cəhətdən çox düzgün və vaxtında atılmış addımdır.

- İçərisində 40 ton un olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Separarçılar tərəfindən yardımın qarşısının kəsilməsi barəsində nə düşünürsünüz? 

- Bu onların qabiliyyətidir. Biz öz yardım əlimizi uzatmışıq, onlar isə öz qabiliyyətlərini göstərib bu yardımdan imtina edirlər. Dünyanın gözü var və hər şeyi görür.
- Avqustun 29-da Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında regiondakı vəziyyət, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi müzakirə olunub. Eyni zamanda, Prezident İlham Əliyev bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin xətti ilə həmin əraziyə ərzaq yüklərinin çatdırılması üçün avtomobil karvanının yola düşdüyünü vurğulayıb.Makron vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib, Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. Həmçinin Fransa Qarabağda yaşayan ermənilərə 10 yük maşınından ibarət “humanitar” yardım göndərib. Rəsmi Paris nəyə nail olmaq istəyir? Onların bu dırnaqarası canfəşanlığı nəyə hesablanıb?

- Fransa klassik imperialist dövlətdir. İmperialist dövlətlərin öz siyasət xətti var. Onlar mütləq ara qarışdırmalı, burunlarını başqa dövlətlərin işlərinə soxmalı və maddi maraqlarını güdməlidirlər. Makron da bu şərtlərə uyğun hərəkət edir.
 
- Burada Rusiyanın mövqeyi də bizə maraqlıydı və  Mariya Zaxarova tərəfindən Fransanın addımlarını pisləyən, Azərbaycanın mövqeyini isə dəstəkləyən açıqlamalar gəldi. Kremlin mövqeyini necə qiymətləndirirsiniz?

-Rəsmi Moskvanın Fransa haqqında dedikləri düzdür. Amma burada Rusiyanın da öz məqsədi var. Kreml Azərbaycan-Ermənistan münaqişəsinin tənzimlənməsində tək və vahid rol oynayaraq son nəticədə də özünün geosiyasi maraqlarını təmin etmək məqsədi güdür. Yəni nə azərbaycanlılar, nə də ermənilər onları maraqlandırmır. Rusları yalnız öz qoşunlarının qalması, Ermənistan və Azərbaycana nəzarət etməsi maraqlandırır.

- Ümumiyyətlə Ermənistan və Azərbaycan arasındakı proseslər hara doğru gedir? Bakı hansı addımları atmalıdır? 

- Azərbaycan hakimiyyəti hər zaman savaş potensialından istifadə edir. Burada isə barış potensialından istifadə etmək lazımdır. Məsələn, humanitar yardımın aparılmasını barış potensialının bir parçasıdır və müsbət də nəticə verir. Bundan sonrakı dövrdə də belə davam edilsə, yəni Qarabağ ermənilərinin hüquqlarına necə hörmət ediləcəyi və hansı şəraitlərin yaradacğı elan olunsa Azərbaycanın mövqeyi daha da güclənəcək. 
 
- İndiki şəraitdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü? 

- İki ölkə arasında münasibətlər hədsiz dərəcədə korlanıb. Böyük dövlərlər isə kifayət qədər münaqişənin həlli prosesinə burunlarını soxub. Onlar arasındakı ziddiyyətlər isə iki qonşu xalq arasındakı münaqişənin yaxın vaxtlarda tənzimlənəcəyi ümidlərini puça çıxarır.

Söhbətləşdi: Nihat Müzəffər