Xankəndi, Xocalı və Xocavənd kimi rayonlarda da qurulan planlar iflasa doğru gedir
“Araik yaxşı başa düşdü ki, verilən missiyanı yerinə yetirə bilməyəcək. Ona görə də artıq istefa verməyə məcbur oldu”
Azərbaycanın Qarabağ iqtisadi rayonunun rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan terrorçu-separatçıların başçısı Araik Arutyunyan "istefa" verib.
Bu barədə sosial şəbəkə səhifəsində yazıb.
Araik “istefası” ilə bağlı sosial şəbəkə hesabında müraciət yayıb. Müraciətində bildirib ki, 2020-ci ilin mayında “prezidentlik” fəaliyyətinə başladıqdan sonra “arsax”ın “sərhədlərini” gücləndirməyə başlayıb, amma 44 günlük müharibə ərzində Azərbaycan qalib gəlib.
“Əlbəttə ki, məğlubiyyətin bütün günahını dörd aylıq “prezidentin” üzərinə yıxmaq olar və mən məsuliyyətdən qətiyyən yayınmıram, amma inanın ki, bizim hər birimizin öz statusuna görə məsuliyyət payı var idi. Hər halda, mən bir neçə dəfə bəyan etmişəm, indi də günah payıma görə erməni xalqından bir daha üzr istəyirəm”, - separatçı bildirib.
Arutyunyan müraciətində "istefası"ndan öncə son "sərəncam"la "dövlət naziri" Qurgen Nersisyanı da "vəzifəsindən" azad etdiyini, onun yerinə "Təhlükəsizlik katibi" Samvel Şahramanyanı təyin etdiyini və ona "böyük səlahiyyət" verdiyini qeyd edib:
“Mən Qurgen Nersisyana minnətdarlığımı bildirirəm və bunun 2020-ci ildə əvəzolunmaz olduğunu vurğulamaq istəyirəm”.
Arutyunyan istefasından sonra da Qarabağda yaşayacağını bildirib:
“Mən ailə üzvlərimlə “arsax”da yaşamağa davam edəcəyəm. Mənim bu addımım həm də “arsax”da daxili sabitliyin və möhkəm ictimai asayişin təmin edilməsinə yönəlib. Bütün ehtimallara baxmayaraq, bizim daxili sabitliyimiz və ictimai həmrəyliyimiz bütün uğurun ilkin şərtidir və ondan hər hansı bir sapma və ya yayınma cəhdi istisna edilməlidir”.
Baş verən hadisələrin Azərbaycanın qalibiyyətini bir daha göstərdiyini söyləyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bunu Rusiya, Qərb və Ermənistanın digər havadarları yaxşı anlayır:
"İndi isə onlar çalışırlar ki, yenə ermənilərindən istifadə edərək Azərbaycanı da Qarabağ məsələsində məğlub vəziyyətə salsınlar. Yəni hazırkı planlar elə qurulub ki, həm Azərbaycan və Ermənistan Qarabağı uduzsunlar, həm də bölgəyə nəzarət həmin qüvvələrin əlinə keçsin. Ümumiyyətlə sözügedən qüvvələr hələ 2020-ci ildə müharibədən əvvəl Araikin özünü "Prezident" stuluna gətirəndə də müəyyən planlar qurmuşdular. Güya Araik həm özünün, həm də havadarlıq edənlərin imkanları ilə Azərbaycana qarşı mübarizə simvoluna çevriləcəkdi. Bu planlar da özünü doğrultmadı və Azərbaycan işğala son verdi. Bu gün baş verənlər də həmin proseslərin bir növ məntiqi davamı kimi qiymətləndirilməlidir. Araikin istefası onu söyləməyə əsas verir ki, bu gün separatizmin davam etdiyi Xankəndi, Xocalı və Xocavənd kimi rayonlarda da qurulan planlar iflasa doğru gedir. Ümumiyyətlə Araik yaxşı başa düşdü ki, verilən missiyanı yerinə yetirə bilməyəcək. Ona görə də artıq istefa verməyə məcbur oldu. Bəlkə də istefa verməyə məcbur edildi. Bunu indi demək çətindir".
Ekspert əlavə edib ki, Şahramanyanın Araikdən daha güclü biri olacağını düşünmür:
"Çünki əgər daha güclü olsa idi 2020-ci ildə onu oyuna daxil edərdilər. Bu sadəcə prosesi uzatmaq məqsədi daşıyır. Yəni ermənilərin məğlub olduğunu görən havadarları "kadr dəyişikliyi" edirlər. Amma mən inanmıram ki, rəsmi Bakı proseslərin uzanmasına səbirli reaksiya göstərsin. Çünki keçən üç il ərzində Ermənistan və separatçılar müqavilənin şərtlərinə uymayıb. Bu üç illik səbr müddəti rəsmi Bakıya göstərdi ki, humanist davranışlarla qarşı tərəflərin addımlarını aradan qaldıracağını gözləmək problemlərin daha da uzanmasına gətirib çıxarır. Bu nöqtədə demək mümkündür ki, Şahramanyanın gəlişi də heç nəyi dəyişməyəcək. Çünki artıq Qarabağdakı proseslər başlayıb və rəsmi Bakı problemi daha tez həll etməyə çalışacaq. Şahramanyan isə Bakının qarşısında duracaq qədər güclü fiqur deyil".
Qeyd edək ki, Arutyunyan "istefa" ərizəsini sabah qondarma "parlamentə" təqdim edəcəyini bildirib.
Xatırladaq ki, Arutyunyanın "səlahiyyətlərini" S.Şahramanyan icra edəcək.