Millerin bəyanatının sifarişli olduğu və öz iradəsi altında verilmədiyi aydın məsələdir
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin 31 avqust tarixli bəyanatı ilə bağlı şərh verib.
Şərhdə deyilir:
"Azərbaycan ABŞ Dövlət Departamentinin bölgədəki vəziyyətlə bağlı bəyanatını qeydə alır. İlk növbədə, Azərbaycan tərəfinin erməniəsilli sakinlərin təlabatlarının ödənilməsi istiqamətində təklifləri, o cümlədən Ağdam-Xankəndi yolundan istifadə ilə paralel olaraq, Laçın yolundan hərəkətin intensivləşməsi təklifini irəli sürməsinin, eləcə də gündəlik əsasda onlarla erməni sakinin Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə keçməsi fonunda bölgədə “blokada” olması iddiaları qəbuledilməzdir.
Erməni sakinlərin bəzi nümayəndələrinin Azərbaycan ərazilərində yerləşən Rusiya sülhməramlı kontingenti vasitəsilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Ağdam-Xankəndi istiqamətinə göndərilmiş və hazırda Xankəndiyə keçidi gözləyən yük maşınlarına mane olmaq istiqamətində səyləri və yolu bağlaması şəraitində bölgədə “gərgin humanitar vəziyyət” mövcudluğu iddialarını əsassız edir.
Azərbaycanın Qarabağ bölgəsində məskunlaşan erməni sakinlərin reinteqrasiyası, Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərin nümayəndələri arasında görüşün təşkili ilə bağlı Azərbaycanın erməni sakinləri dəfələrlə görüşə dəvət etməsi, bu istiqamətdə görüşlərin təşkili ilə bağlı əldə olunmuş razılıqlardan Ermənistan tərəfinin öz qondarma rejimi vasitəsilə qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə boyun qaçırması ABŞ tərəfinə yaxşı məlumdur. Azərbaycan tərəfinin bu istiqamətdə təkliflərinin davamlı olaraq rədd edilməsi isə vəziyyətin heç də humanitar deyil, əksinə siyasi xarakter daşıdığını bir daha nümayiş etdirir. Azərbaycan Respublikası dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında bölgədə sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasında, erməni sakinlərin ölkəmizin qanunvericiliyi çərçivəsində reinteqrasiyasında qərarlıdır".
Son günlərdə ölkəmizə qarşı genişmiqyaslı informasiya müharibəsi həyata keçirildiyini deyən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a şərh edib ki, buna Fransadan əlavə, Belçikanın, Kanadanın, Almaniyanın xarici işlər nazirlərinin və ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin ölkəmiz əleyhinə ədalətsiz və reallığı əks etdirməyən bəyanatlarını misal çəkə bilərik:
“Artıq qarşımızda təkcə düşmən ölkə Ermənistan deyil, onun havadarları da yer alır. Bu da Azərbaycanı siyasi təzyiqlərlə üz-üzə qoyur. Buna baxmayaraq, dövlətimizin həyata keçirilən effektiv siyasət bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır. Düşünürəm ki, Ermənistanın hərbi müstəvidə olduğu kimi, beynəlxalq arenada da məğlubiyyəti son baş verən hadisələrinin əsas xəttini təşkil edir. Belə ki, avqustun 16-da BMT Təhlükəsizlik Şurasında keçirilən təcili iclas növbəti dəfə Ermənistanın iddialarının puç olması və məğlubiyyəti ilə nəticələndi. Fransa və digər dəstəkçilər isə Ermənistanı dəstəkləmək üçün Azərbaycana qarşı davamlı şəkildə bəyanatlar səsləndirərək müəyyən nəticələrə nail olmaq istəyirlər. Eyni zamanda, Fransa Afrikadakı məğlubiyyətlərini Cənubi Qafqazda kompensasiya etməyə çalışır. Yəni rəsmi Paris nüfuzunu bərpa etmək məqsədilə Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin ermənilərin maraqlarına uyğun şəkildə açılmasını istəyir. Halbuki, Azərbaycan öz suveren və beynəlxalq səviyyədə tanınmış ərazisi daxilidə müstəqil addımlarını atmaqdadır. Hansısa bir ölkənin bu cür müdaxiləsi dövlətimiz tərəfindən qəbuledilməzdir.ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin də bəyanatı bu qəbildəndir”.
Analitikin sözlərinə görə, M.Millerin bəyanatının sifarişli olduğu və öz iradəsi altında verilmədiyi aydın məsələdir:
“Çünki Azərbaycan erməni əsilli vətəndaşlar üçün Ağdam-Xankəndi yolunu təklif edib. Həmçinin avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Hələ də bu yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Əgər ermənilər humanitar fəlakətlə üz-üzə qalıblarsa, niyə göndərdiyimiz yardımı qəbul etmirlər? Demək ki, Ermənistan dövləti və Qarabağda olan idarəçilər baş verən hadisələrə siyasi don geyindirib, bundan ölkəmizə qarşı istifadə edirlər. Nəticədə isə onlar Azərbaycan qanunvericiliyi ilə yaşamamaq üçün hüquqi əsasların yaranmasına çalışırlar. Dövlətimiz baş verən bütün proseslər barədə həm dünya ictimaiyyətini, həm xarici dövlətləri, həm də beynəlxalq təşkilatları mütəmadi olaraq məlumatlandırır. Buna görə də ABŞ Dövlət Departamenti bölgədə baş verən bütün prosesləri dolğun şəkildə bilir, lakin onların Ermənistanın mövqeyini müdafiə etməsi təəssüf doğursa da, təəccüblü deyil. Çünki BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi. Bu qətnamələr Ermənistan hərbi qüvvələrinin dərhal ərazilərimizi tərk etməsini tələb edirdi. Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi və Azərbaycan da onları özü icra etdi. Ölkəmiz isə hər zaman bu cür ikili yanaşmalarla qarşılaşdığı üçün nə edəcəyini yaxşı bilir.ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Millerin bölgədə “blokada”nın, “gərgin humanitar vəziyyət”in olması iddialarına Fransanın və ABŞ-nin ermənipərəst rəsmilərinin təklifləri, azərbaycanofob Qərb mediasının təsiri də səbəb ola bilər. Eyni zamanda, Almaniyanın, Fransanın, Kanadanın, ABŞ-ın, Belçikanın və digər nüfuzlu dövlətlərin bu mövzuda ortaq maraqlarının toqquşması da onu deməyə əsas verir ki, bütün məsələlər bir mərkəzdən idarə olunur”.