NATO-nun Avropa İnkişaf Komitəsinin sədri Günter Fehlinger Ermənistanı Alyansa üzv olmağa çağırıb.
O, bu barədə “X”də yazıb.
G.Fehlinger, həmçinin ABŞ Prezidenti Cozef Baydeni Ermənistanı himayə etməyə səsləyib.
Çağırışı "Sherg.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov qeyd edib ki, Alyans Ermənistanın NATO-nun üzvü olmasında çox da maraqlı deyil:
"Məsələ odur ki, belə cəhdlərlə Qərb Ermənistanı Rusiyadan ayırmağa çalışır. Yəni Kremlin regiondakı mövqelərini və təsir dairəsini zəiflətmək istəyir. Güman edirəm ki, yaxın günlərdə Rusiya rəsmiləri NATO-ya cavab verəcəklər. Digər tərəfdən sual yaranır ki, Ermənistan Alyansa üzv olmaq istəyərmi? Əlbəttə rəsmi İrəvan bununla qaça-qaça razılaşar. Amma reallıqda belə bir şeyə imkanı yoxdur.
Çünki həm ərazisi münaqişəlidir, həm də hərbi potensialı imkan vermir. Yəni dəvət sadəcə siyasi gedişdir. Bu sadəcə rəsmi Moskva ilə İrəvanın arasını vurmaq, Ermənistanı şirnikləşdirmək və Kremlin bölgədəki təsir dairəsini zəiflətməyə hesablanıb. Ümumiyyətlə hazırda Qərblə Rusiya arasında ciddi mübarizə gedir. Bu rəqabətdə qalib gəlmək üçün isə NATO təkcə Ukrayna faktorundan istifadə etmir. Başqa gedişlərə əl atır. Bu da başa düşüləndir. Digər tərəfdən sözügedən dəvət onsuz da pis olan Rusiya Ermənistan münasibətlərini daha da gərginləşdirəcək".