Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin üzvləri artıq Ermənistandadır.
Ermənistan mediasının məlumatına görə, bunu erməni müxalifət lideri, “Milli demokratik qütb” hərəkatının nümayəndəsi Jirayr Sefilyan bildirib.
Onun sözlərinə görə, bu, etibarlı məlumatdır.“Vaqner”çilərin Ermənistana gəlməsi ilə bağlı xəbərlər var. Bu, etibarlı məlumatdır. Hətta onların harada yerləşdiyini də bilirik, onlara rəhbərlik edən şəxsin üç gün əvvəl “Ani” hotelində kiminlə görüşdüyü də bizə məlumdur. Bunlar tanınmış simalardır, amma indi adlarını çəkməyəcəyəm”, - deyə Sefilyan bildirib.
İddiaları “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova deyib ki, “Vaqner” qrupunun üzvlərinin Ermənistanda peyda olması ilə bağlı Sefilyanın paylaşdığı məlumat heç bir halda etibarlı mənbə hesab oluna bilməz:
“Bu sadəcə ehtimal olaraq dəyərləndirilə bilər. Belə olan halda son zamanlarda baş verən hadisələrin xronoloji ardıcıllığı, qondarma rejimin “rəhbəri” Araik Arutunyanın istefa verməsi və Paşinyanın növbəti absurd bəyanatları onu göstərir ki, Rusiya Ermənistanın vasitəsilə region uğrunda mübarizəsini və sülh danışıqlarına mane olmaq cəhdlərini davam etdirir. İlkin məqsəd isə hakimiyyətə özünün dəstəklədiyi siyasi fiqurların gətirilməsinə nail olmaqdır. Xüsusilə də, bu ay İrəvanda keçiriləcək mer seçkilərinin nəticələri bu istiqamətdə önəmli xarakter daşıyır. Ona görə də, belə bir ərəfədə xüsusi təlim görmüş “Vaqner” qrupunun üzvlərinin daxili qarşıdurmaların təşviq edilməsi ilə paralel şəkildə proseslərin idarə olunması məqsədilə İrəvana göndərilməsi ehtimal oluna bilər".