"Laçın-Xankəndi yolunun Ermənistan ərazisi hissəsində keşik çəkən TIR-ların savaşında Ağdam yolunun işlək olması Rusiya-Azərbaycan arasında yüksək anlaşmanın nəticəsi kimi meydana gəlib. Eyni zamanda gecə saatlarında sülhməramlıların komandiri Krill Kulakovun “başqa alternativiniz yoxdur” deməsi və dırnaqarası andiçməsini edən Samvel Şahmaranyanın aksiyaçılara doğru gələrək bu addımı atmalarının zərurətini əsaslandırandan sonra geri çəkilmələri Azərbaycanın strateji mövqeyinin işləməsindən xəbər verir. Artıq Azərbaycan addım-addım öz hədəflərinə doğru irəliləyir məntiqi qəbul olundu".
Bu fikirləri "Sherg.az"a Ağdam-Xankəndi yolunun açılması ilə bağlı açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc bildirib.
O bildirib ki, bu hadisələr özü-özlüyündə müharibə deyil:
"Nəyə görə Laçın və Ağdam-Xankəndi yolu ətrafında bu cür savaş gedir? Biz bilirik ki, Hörmüz boğazı, Süveyş kanalı və yaxud Amerikadan Asiyaya qədər koridorlar uğrunda da rəqabət var. Yer kürəsinin bəlli bir səviyyədə nüfuz dairələri ətrafında bölündüyü hər kəsə bəllidir. Buna görə də Rusiya-Ukrayna müharibəsi yeni dünya nizamı yaratmaq ideologiyası ilə təqdim edilir. Azərbaycan niyə Ağdam-Xankəndi yolunu irəliyə sürdü? Çünki Laçın yolu ətrafında olan koridor və Azərbaycanın suverenliyinə zidd olan əməliyyatları qorumaq niyyətində olan dairələr var. Onlar 10 noyabr sənədinin hərbi müddəalarına əməl etmədikləri şəraitdə belə bir mövqeyi irəliyə sürürdülər. Son zamanlar bəyan edirdilər ki, siz bu yolu açmalısınız. Həmçinin qeyd edirdilər ki, bu yolun üzərində bizim xüsusi hüquqi səlahiyyət və statuslarımız yoxdur. Azərbaycan onlara hansı yolu getmək lazım olduğunu göstərdi. Digər tərəfdən, diplomatik, siyasi təzyiq göstərmək və bundan geopolitik maraqlarını sürdürmək üçün istifadə etmək istəyən qüvvələr mövcud məsələni qlobal gündəliyə daşımışdılar. Hətta BMT Təhlükəsizlik Şurasının müzakirələrinə də çıxarmışdılar. Belə olan təqdirdə Azərbaycanın məqsədi onlara Laçın yolunun da müstəsna olaraq bizim suverenliyimiz ətrafında olduğunu göstərmək idi. Həmçinin illər ərzində oradan silah daşıyan qüvvələrə və Azərbaycan təbii sərvətlərini daşıyanların düşmənçilik mənafeyinə xidmət etdirmələrinin qarşısının alınmasından narahat idilər. Ona görə gecə saat 4-də həyata keçirilən bu əməliyyat, gündüz onlarla ölkədə yüzlərlə siyasi kəşfiyyat dairələrinin məğlubiyyətinə və şokuna səbəb oldu. Onlar Rusiya və Azərbaycan arasında belə anlaşmanın nəticə verməsini arzulamırdılar. Azərbaycanın burada niyyəti erməniləri və başqa dairələri Laçın yolundan çıxarmaq deyil. Əksinə, göstərməyə çalışırıq ki, bölgəmiz içərisində onlar özlərinə lazım olan xətlər ilə nişangahlar çəkə bilməzlər. Nikol Paşinyan həqiqətən 86.6 min km² ərazini tanıyır və ardınca verdiyi müsahibəsində "Qarabağ Azərbaycandır" fikrini təsdiqləyirsə, bu, öz xalqının içərisində düşmənçilik ilə yaşayanlara böyük zərbədir. Nikol Paşinyan Azərbaycana qarşı təzyiqlər xəttindən geri durmalıdır. Dünən gerçəkləşən əməliyyat Azərbaycanın mövqeyinin irəliləməsidir. 3 il həyata keçirilən strateji planın tərkib hissəsidir. Bundan sonra Qazaxıstan, Özbəkistan, Macarıstan və Qardaş Türkiyə sülhə xidmət naminə oraya TIR göndərə bilərlər. Hətta oraya Qərb ölkələri də qoşula bilər. Ermənistan Azərbaycanın suverenliyini dekorativ deyil, real olaraq tanıdıqlarını sübuta yetirməlidir. Bunun fonunda bölgədə normal sülh prosesini aparmaq mümkün olar. Hər halda Rusiya qüvvələrinin verdiyi xəbərdarlıq Azərbaycanın iradəsinin nəticəsidir".