"Bölgədə çox ciddi vəziyyət yaranıb. Geopolitik güclərin Cənubi Qafqazda apardığı logistika savaşı artıq qarşıdurma müstəvisinə keçməkdədir. Ötən 30 ildə bölgədə ABŞ, Rusiya və Avropa İttifaqı tərəfindən Qarabağ probleminə vahid münasibət var idisə, indi bu məsələ artıq gündəlikdən çıxıb. Dünyanın yaranmaqda olan yeni nizam qaydaları Qafqaza da təsir etməkdədir".
Bu fikirləri regiondakı ümümi vəziyyətlə bağlı "Sherg.az"a açıqlamasında araşdırmaçı jurnalist Xəqani Səfəroğlu bildirib.
O vurğulayıb ki, bu fonda Qarabağ məsələsi bütövlükdə Cənubi Qafqazda proseslər üçün təyinedici faktora çevrilib:
"Azərbaycan 44 günlük müharibə ilə bölgədə ənənəvi status-kvonu dağıdıb, Qarabağ məsələsində şərtləri diqtə edən tərəfə çevrilib. Bunun ən bariz sübutu Laçın yolunda sərhəd-keçid məntəqəsinin qoyulmasıdır. Bu addım Ermənistan və Qarabağ erməniləri üçün “soyuq duş” effekti oldu.
Azərbaycan Laçın postu ilə dövlət sərhəddini bağladı və Qarabağdan Ermənistana birbaşa yol üzərində haqlı nəzarəti təmin etdi.
Lakin münaqişənin uzanmasında maraqlı olan dövlətlər Bakının bu demarşını həzm edə bilmirlər. Ona görə də, ənənəvi “köhnə bayatı” – qondarma “humanitar fəlakət” həşirini qaldırıblar. Pərdənin o üzündə isə əsas niyyət Azərbaycanı Laçın yolunu açmağa vadar etmək və bundan sonra ikinci “Qarabağ masası” qurmaq cəhdidir.
Çünki Qafqazda bitməyən münaqişələr bu regiona təsir rıçağı əldə etmək üçün gözəl imkandır. Geopolitik gücləri qanlı müharibələr, həlak olan gənclər, mülki əhali maraqlandırmır. Əsas öz maraqlarıdır.
Ukrayna savaşı ikinci dünya müharibəsindən sonra formalaşmış dünya nizamını sarsıdıb. ABŞ-də siyasi dairələr artıq yeni dünya düzəninin qurulması üçün prosesin başlandığını gizlətmirlər. Bu düzəndə Cənubi Qafqazın yeri harda olacaq? Region böyük güclərin savaşına tuş gələcəkmi?
İndi aktual olan suallar budur. Bu mənada Qarabağla bağlı məsələdə Azərbaycanın sərt və birmənalı mövqeyi aydındır.
Bakı özünün tarixi və beynəlxalq hüquqla ona məxsus olan Qarabağ bölgəsi üzərində suveren hüquqlarını təmin etməyə çalışır. Eyni zamanda bu məsələ ətrafında siyasi oyun qurmaq cəhdinə imkan vermir.
Bu baxımdan Qarabağa ərzaq yükü üçün Ağdam-Xankəndi yolunun təklif edilməsi daha çox siyasi mesajdır. Bakı öz ərazisində necə hərəkət edəcəyini, qərarlarını özü verəcəyini nümayiş etdirir. Laçın yolunun açılması üçün edilən çox böyük beynəlxalq təzyiqin fonunda Bakı Ağdam-Xankəndi yolunu açması çox ciddi addımdır. Azərbaycan müharibədən qələbə qazanmış dövlətdir və özünün şərtlərini diqtə etməyə haqqı var. Üstəlik Asiyada logistik savaşın önəmli marşrutları ölkəmizin ərazisindən keçir. Odur ki, bizə qulaq asmamaq, rəyimizi nəzərə almamaq mümkün deyil. Belə cəhdlər yalnız vəziyyəti mürəkkəbləşdirir.
Qızıl Aypara Cəmiyyətinin Ağdam yolu ilə göndərdiyi ərzaq yükünun əsas mesajı Qarabağdakı erməni əhalisinin interqrasiyası üçün bir çağırışdır.
Bakı öz sərhədləri daxilində vətəndaşlarına hansı yolla ərzaq və s. yük aparacağına özü qərar verdiyini nümayiş etdirir.
Burada Ermənistanın hər hansı münasibəti yersizdir və başqa ölkənin daxili işlərinə qarşımaqdır. Azərbaycan sülh sazişi üçün öz şərtlərini açıqlayıb. Həmçinin bölgədə uzunmüddətli sabitliyin və təhlükəsizliyin qarantı olmağa hazırdır. Rusiya, ABŞ, Avropa bunu anlayır və başa düşürlər ki, Bakı Qarabağ üzərində çirkin siyasi oyun planlarını heç vaxt qəbul etməyəcək".