NATO Baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu Yorkda görüşüb.
Bu barədə Stoltenberq X hesabında paylaşım edib.
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkda görüşməkdən məmnunam. Biz terrorla mübarizəmizi gücləndirməyi müzakirə etdik. Mən Türkiyənin Qara dəniz taxıl sazişini canlandırmaq üçün gördüyü işlərə görə ona təşəkkür etdim. Vilnüsdə razılaşdırıldığı kimi, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünə ən qısa zamanda baxacaq”, - Stoltenberq bildirib.
Məsələyə münasibət bildirən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl "Sherg.az"a vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Amerikadadır:
"Bu çərçivədə müxtəlif görüşlər həyata keçrilir. Orada bəzi müzakirələr olub. Bildiyimiz kimi, Türkiyə NATO üzvüdür və NATO-nun Avropadakı ən güclü qoludur. Son dönəmlər Finlandiya və İsveçin üzvlüyü məsələsi də NATO ilə müzakirə olunurdu. Buna görə də NATO Baş katibi ilə görüş vacib idi. Digər müzakirə olunan məsələ isə taxıl koridorudur. Türkiyə bunda maraqlıdır və onun vasitəçiliyi ilə bu məsələ reallaşmışdı. Eyni zamanda Türkiyə indi də bunu davam etdirməyə çalışır. Həmçinin Birləşmiş Millətlər Təşkilatı və Rusiyanın özü də bu məsələdə maraqlıdır. Amma burada bəzi bürokratik əngəllər var. Bu isə Qərb ölkələrindən qaynaqlanır. Yəni, həmin ölkələr taxılı alırlar, amma ödəniş və digər məsələlərdə gərəkən addımları yerinə yetirmirlər. Türkiyə isə bunu həll etməyə çalışır. Görüşün əsas mahiyyəti budur və uğurlu olmaq ehtimalı yüksəkdir".