Zəngəzur dəhlizinin açılması Paşinyanın öhdəliyidir...

Ermənistan Respublikası ilə heç bir əlaqəsi olmayan mətndə Ermənistan Respublikasının adının çəkilməsi mənim dünənki fərziyyəmə, yanaşmama, qiymətləndirməmə haqq qazandırır ki, Qarabağa hücumun məqsədlərindən biri də Ermənistanı hərbi əməliyyatlara cəlb etmək idi. Fikrimcə, Ermənistanı hərbi əməliyyatlara cəlb etmək mümkün olsaydı, ən dərin hədəfi Ermənistanın müstəqilliyi və suverenliyi olmalı idi.

Bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Yenə deyirəm, biz baş verənləri qeyd edirik və məlumatları izləməyə davam edəcəyik. Qarabağdan aldığım son məlumat ondan ibarətdir ki, hərbi əməliyyatların intensivliyi kəskin şəkildə azalıb. Sıfır həddində olduğunu deyə bilmərəm. Ümid edirik ki, hərbi əməliyyatlar davam etməyəcək”, - Paşinyan bildirib.


Məsələ ilə bağlı "Sherg.az"a açıqlamasında politoloq Sultan Zahidov bildirib ki, Ermənistan həqiqətən də dünənki proseslərə  izləyici olaraq qaldı:
"Nikol Paşinyan özü də bəyanat verdi ki, Ermənistan heç bir halda hərbi proseslərə qoyulmayacaq. Paşinyan Ermənistanı Rusiyanın təsirindən çıxarmaq kursunu yürütməkdədir. Bundan sonra Nikol Paşinyan Qərb, Fransa və ABŞ-lə təmaslarını davam etdirəcək. Həmçinin Qərbin göstərişlərini Cənubi Qafqaz regionunda həyata keçirmək vəziyyətində olacaq. Sözsüz ki, bu, Ermənistan və Rusiya arasında münasibətlərə təsirsiz ötüşməyəcək. Çünki ən son Paşinyanın açıqlamaları və addımları onlar arasında əlaqələrdə böyük boşluq yaratmışdı. Bundan sonra Rusiyanın Ermənistanda Paşinyan rejimini devirmək istəyini nəzərdən çıxarmamaq lazımdır. Bunun üçün Şimal qonşumuzun müxtəlif rıçaqları var. Ermənistanın iqtisadiyyatı və infrastrukturu Rusiyadan xeyli asılıdır. Eyni zamanda Ermənistan hərbi sistemində də rəsmi Moskvaya bağlı qüvvələr mövcuddur. Həmçinin  Rusiyanın 102 saylı bazası Gümrüdə yerləşir. Bu baxımdan Rusiyanın Ermənistanda müəyyən məqsədlərə nail olması üçün tətbiq edə biləcəyi rıçaqlar çoxdur. Nikol Paşinyan isə bunu anlayır və buna kontur balans olaraq Qərblə əlaqələri növbəti mərhələyə gətirir. 

Eyni zamanda yaxın gələcəkdə Paşinyan Ermənistanın NATO-ya daxil olması istəyini dilə gətirə bilər. Amma Ermənistanın dünənki proseslərə qoşulmaması  öhdəliklərinin olmaması anlamına gəlmir. Nikol Paşinyan hakimiyyətinin Azərbaycana qarşısında 3 tərəfli bəyanatla təyin olunmuş öhdəlikləri var. Məhz bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bundan əlavə hələ sülh sazişi imzalanmayıb. Bu baxımdan Paşinyan Azərbaycan ilə sülh prosesini yubatmamağa çalışmalıdır. Amma indiki halda Ermənistanın Fransa və ABŞ-lə yaxınlaşması bu prosesə əngəl amil ola bilər. Çünki ABŞ və Fransa Cənubi Qafqazda Rusiyanın geosiyasi nüfuz sahibi olmasını istəmir. Ermənistan Azərbaycan ilə sülh sazişini imzalamağı nə qədər tezləşdirsə, onlar üçün də yaxşı olar. Çünki hər şeydən əvvəl bu Ermənistan Azərbaycan və Türkiyə arasında kommunikasiyaların açılmasına gətirib çıxaracaq. Bundan isə  region ölkələri və Ermənistan da faydalana bilər".