Qərbin Ukraynaya yardımının dayandırılması onun məğlubiyyəti ilə nəticələnəcək. Bu isə bir-iki ildən sonra ABŞ-Rusiya arasında arzuolunmaz birbaşa münaqişə vəziyyətinə gətirib çıxara bilər.
Bunu amerikalı senator Mark Kelli deyib.
"Dayansa, uduzacaqlar, Putin isə qalib gələcək. Əgər indi öhdəsindən gəlməsək, bir, ya da iki ildən sonra bizimlə ruslar arasında birbaşa qarşıdurmanın mümkün olduğu bir vəziyyətə düşə bilərik. Biz bunu istəmirik", - o bildirib.
M. Kellinin fikirlərinə münasibət bildirən tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Amerikanın bu cür narahatlığı başa düşüləndir:
"Çünki Sovet İttifaqı dönəmindən həm Koreya, həm də Vyetnam və həmçinin Əfqanıstan müharibəsində Amerika ilə Rusiya üz-üzə gəlib. Koreya savaşı yarımadanın bərabər bölünməsi ilə nəticələnsə də Vyetnam müharibəsində Sovet İttifaqı qalib gəldi. Əfqanıstan müharibəsinin nəticəsi olaraq 2020-ci ildən sonra Amerika oranı tərk edib. Bütün bunlar Amerikanın Rusiya ilə qarşı-qarşıya gəlməkdən tədirgin olduğunu göstərir. Ukrayna müharibəsi ilk başladığı vaxtlardan Rusiyada belə bir deyim vardı ki, İngiltərə rəsmi Moskva ilə son Ukrayna əsgərinə qədər savaşmağa hazırdır. Burada söhbət nə Amerikadan, nə də kollektiv Qərbdən gedir. Yəni, İngiltərə Rusiyanın dağılmasını uzun illərdən arzu edən dövlət olaraq Amerika, kollektiv Qərb və digər dünya dövlətlərdən istifadə edərək öz məqsədlərinə çatmağa çalışır. Bunu Amerika başa düşərək müharibəni dayandırmaq yönümündə fəaliyyətlər apara bilər. Amma digər tərəfdən Ukraynanın taleyi necə olacaq? Kellinin fikirlərini tamamilə ciddi qarşılamaq lazımdır. Bu açıqlamanın Amerika ictimaiyyətinə ünvanlanmış olduğunu diqqətə almaq önəmlidir. Çünki ABŞ-də yaxın aylarda Prezident seçkilərinin olması gözlənilir. Co Bayden hökumətinin bu cür fəaliyyətə imza atmasının da seçkilərə birbaşa təsir göstərəcəyini yaddan çıxarmaq lazım deyil".