Sülhün baş verməsi Azərbaycanın öz iradəsi hesabına ola biləcək bir prosesdir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib.
Zaxarova Fransanın və şəxsən Emmanuel Makronun vasitəçilik cəhdlərinin uğursuz olduğunu deyib:
"Görün bu, nəyə gətirib çıxardı. Paris vasitəçilik gündəminə mane olmağa çalışdı və Fransanın hamıdan, xüsusən də Rusiyadan daha yaxşı vasitəçilik edə biləcəyini söylədi. Rusiya vasitəçi kimi öz funksiyalarını yerinə yetirdiyi bir vaxtda nizamlanmaya doğru sülh yolu ilə irəliləmək üçün həqiqətən də yaxşı, fundamental əsaslar var idi. Qərb ideologiyası situasiyaya girməyə başlayan kimi hər şey dəyişdi".
O qeyd edib ki, bu, Qərbin vasitəçiliyinə meyil edəcək hər kəs üçün dərs olmalıdır.
Mariya Zaxarovanın fikirlərinə münasibət bildirən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları
Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, 30 ildir baş verən bu münaqişələrin arxasında dayanan qüvvələrin başında Rusiya durur:
"Şimal qonşumuz bütün imkanlarından istifadə edərək bölgədə sülhün qarşısını almağa çalışır. Baş verən bütün toqquşmanın arxasında Qərb qədər Rusiyanın da rolu böyükdür. Zaxarovanın bu açıqlaması heç də bizə canıyananlıqdan irəli gəlmir. Əksinə olaraq demək istəyir ki, Rusiya istənilən vəziyyətdə burada təxribat törədə bilər. Birmənalı olaraq Fransa, ABŞ, həm də Rusiya istər-istəməz regiona təxribatın gətirilməsi üçün hər şey ediblər. 30 illik ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə bu üç ölkə həmsədr idi. Fəaliyyətləri isə göz qabağında olub. Daha sonra qeyd edirdilər ki, siz müharibə edə bilməzsiniz. Yalnız münaqişəni danışıqlar yolu ilə həll etməlisiniz. Azərbaycan problemi müharibə ilə həll etdikdən sonra isə məsələnin tamamilə bağlanmasına imkan vermədilər. Nə Rusiya, nə Fransa, nə də ABŞ bölgəyə sülhün gəlməsini arzu etmir. Sülhün baş verməsi Azərbaycanın öz iradəsi hesabına ola biləcək bir prosesdir. İstər Zaxarova, istər ABŞ, istərsə də Fransadan gələn açıqlamaların məqsədi Cənubi Qafqazda öz ölkələrinin maraqlarını təmin etməkdir".