"Ümumiyyətlə Fransanın Azərbaycana qarşı qərəzli və ikili standartlara dayanan yanaşması İkinci Qarabağ müharibəsindən özünü göstərməkdədir. Bu siyasətdə bu günə qədər ciddi dəyişiklik baş verməyib. Fransa heç zaman Azərbaycanın maraqlarını nəzərə alan dövlət olmayıb. Makronun dövründə Fransanın Azərbaycana qarşı münasibəti daha da kəşkinləşib".
Bu fikirləri Fransa Prezidenti Emmanuel Makronun TF1 və France 2 kanallarına müsahibəsi zamanı bölgədə mövcud vəziyyəti təhrif edən mövqeyinə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a açıqlamasında vurğulayıb.
O bildirib ki, bütün bunlar ilk növbədə Makronun Ermənistan rəhbərliyi ilə olan yaxın münasibətindən irəli gəlir:
"Demək olar ki, Nikol Paşinyan hər mövzuda Makrondan göstərişlər alır və icra edir. İkinci məqam Fransadakı erməni diasporasının Fransa siyasətində müəyyən nüfuza sahib olmasıdır. Burada Makron kimi şəxslər seçkilərdə erməni diasporasının dəstəyinə güvənir. Fransa Ukrayna müharibəsində Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistan vasitəsilə Cənubi Qafqaz regionunda müəyyən geosiyasi maraqlara nail olmağa çalışır. Fransa tərəfindən ikibaşlı açıqlamanın ilk dəfə deyil şahidi oluruq.
İkinci Qarabağ müharibəsi və ondan sonra da Fransa senatının qəbul etdiyi qərəzli qətnaməni biz misal göstərə bilerik. Bundan əlavə Fransa siyasi rəhbərliyinin müxtəlif nümayəndələri və Paris meri Ann İdalqonun riyakar bəyanatlarını yada sala bilərik. Bu çıxışlar Fransanın bölgədə Ermənistanın maraqlarını təmsil edən qüvvə rolunu oynadığını deməyə əsas verir. Son olaraq Makronun bəyanatları Fransa siyasətində ciddi dəyişiklik olmadığını göstərir. Hətta çıxışlarında Ermənistana hər zaman dəstək olacağını vurğuladı. Rəsmi Paris üçün regionda baş verən reallıqlar önəmli deyil.
Onun üçün maraqlı olan Ermənistanın istəklərini reallaşdırmaq və bir alət kimi istifadə etməkdir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın çıxışında da regionda sülhün və sabitliyin yaranmasında maraqlı olmadığını gördük. Fransa Cənubi Qafqazda olan məsələlərin yalnız həmin bölgədəki ölkələr arasında həll olunmasını anlamalıdır. Kənar müdaxilə burada konstruktiv hal ala bilməz. Regionda sülhə ən böyük əngəl işğal olunmuş torpaqlar idi. Bunu isə Azərbaycan İkinci Qarabağ müharibəsində həll etdi. Daha sonrakı əngəl Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə erməni silahlılarının olması olmuşdu. Bu problemi də Azərbaycan lokal xarakterli antiterror tədbirləri ilə kökündən həll etmiş oldu. Bununla da Azərbaycanın suverenliyi bütün ərazilərində barpa edildi.
Fransa Korsikada müəyyən ayaqlamalar başlasa, Beynəlxalq hüquqa istisna edərək ərazi bütövlüyünün vacib olduğunu deyəcək.
Amma Qarabağ məsələsində əks arqument irəli sürür. Bu da Fransanın ikibaşlı siyasətindən xəbər verir. Fransa geosiyasi olaraq dünyanın müxtəlif regionlarında uduzmağa davam edir. Bu dünya xalqlarının Fransanın neoimperialist siyasətini anladığını və ona qarşı birləşərək addımlar atdığını göstərir. O cümlədən Cənubi Qafqazda Azərbaycan-Türkiyə birliyi Fransanın regionda ağalıq etməsinə imkan verməyəcək".