Fransa və Avropa İttifaqının ritorikası Cənubi Qafqazda sülhə maneə olur. Fransa bulanıq suda balıq tutmaq xülyasındadır. Misal üçün, Fransanın Ermənistanda silah müqaviləsi imzalaması və açıq şəkildə onu silahlandırması sülhə deyil, qarşıdurmaya xidmət edir. Avropa İttifaqı (Aİ) ilə "əməkdaşlıq" məsələsi də eyni qəbildən izah olunur. Fransanın göstərişi ilə gedişlər edən Aİ etibardan düşür. Qərəzli bəyanatlar regionda təhlükəsizlik və əməkdaşlığın təmin olunmasına deyil, ziddiyyətlərin kəskinləşməsinə xidmət edir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərə Fransa qatılmırdı. Elə ki, Fransa bu prosesə qatıldı, bu format öz mahiyyətini dəyişdirdi. Destruktiv addımlar Brüssel formatına da zərbə endirib.
Millət vəkili Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Avropa İttifaqında (Aİ) Azərbaycana tərəfdaş olan ölkələr var. Lakin Fransa Aİ ölkələrini müvafiq yollarla şantaj edir:
“Rəsmi Paris ölkələri Azərbaycana qarşı haqsız bəyanatlar verməyə təşviq edir. Ermənistanı Fransa silahlandırır. Rəsmi Parisin məqsədi bölgədə sabitliyi pozmaq, Ermənistanı revanşa kökləməkdir. Çünki Fransada fəaliyyət göstərən erməni diasporası ciddi problemlərə yol açırlar. Hər zaman genosid təfəkkürünü canlandıraraq, erməni cəmiyyətinin faciələrinin davamlı olmasını istəyirlər. Nəticədə bu faciələrdən diaspor özü üçün maliyyə qazana bilməyi hədəfləyir. Fransada korrupsiyaya qurşanan siyasətçilər bu diasporun təsiri altında fəaliyyət göstərir”.