Ermənistanın Hindistandan aldığı silahlar Azərbaycana qarşı effektsizdir -ŞƏRH

“Son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib”.
Bu barədə “National Interest” nəşri Hindistan Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, əsas müdafiə sövdələşmələrinə “Pinaka” reaktiv yaylım atəş sisteminin satışı, silah yerləşdirmə radarları, tank əleyhinə raket sursatları və 155 mm-lik artilleriya silahları üçün 40 milyon dollarlıq müqavilə daxildir.
Mənbənin sözlərinə görə, Ermənistan daha çox müdafiə sövdələşmələrində, o cümlədən pilotsuz uçuş aparatları və dronlarla mübarizə sistemləri, patrul sursatları və orta mənzilli “torpaq-hava” sinifli raketlərin əldə edilməsində maraqlıdır.
Məqalədə qeyd olunur ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Delhinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir.
“Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın 2021-ci ilin oktyabrında İrəvana səfəri tarixidir, çünki bu, XİN rəhbərinin son 30 ildə Ermənistana ilk belə səfəridir. Bundan əvvəl Baş nazir Narendra Modi Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüb və Avrasiya İqtisadi İttifaqı ilə ticarət sazişinin tamamlanmasında İrəvanın dəstəyini təmin edib.
2022-ci ilin sentyabrında Banqalorda keçirilən Hindistan-Ermənistan Konfransında hər iki ölkə işgüzar əlaqələri inkişaf etdirmək üçün mədəniyyət, rəqəmsal infrastruktur və bərpa olunan enerji üzrə anlaşma memorandumları imzalayıb. Bundan əlavə, Hindistan və Ermənistan arasında beyin mərkəzləri səviyyəsində əməkdaşlığın yüksəlişini müşahidə etmək olar”, - deyə müəllif yazır.
Bildirilir ki, Türkiyə və Pakistanın Azərbaycana dəstəyi Hindistan üçün Ermənistana havadar durmağı daha da vacib edib.

Hindistan və Ermənistan arasındakı əməkdaşlığı şərh edən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a bildirib ki, rəsmi Dehlinin silah sənayesi sürətlə inkişaf edir:
"Burada onlarla kiçik, böyük şirkətlər mövcuddur və onlar öz məhsullarını ixrac etməyə çalışırlar. Dünyanın inkişaf etmiş ölkələrinin Yaponiya, ABŞ, Türkiyə və.s Hindistanın silahlarını almayacağı aydın məsələdir. Ona görə də üçüncü dünya ölkələrinə-Yaxın Şərq, Afrika və Ermənistan kimi geridəqalmış ölkələrə üzr tuturlar. Digər tərəfdən Azərbaycan Hindistan münasibətlərində gərginliyin səbəbi Vətən müharibəsində Azərbaycanın Pakistandan qeyri-şərtsiz dəstək almasıdır. Eyni zamanda münasibətlərin pozulmasına Azərbaycanın Kəşmirlə bağlı verdiyi rəsmi açıqlamalar da səbəb oldu. Ancaq umumi şəkildə Hindistanın Azərbaycana münasibətlərində əməkdaşlıq meyilləri daha da üstünlük kəsb edir. Yəni Hindistan Azərbaycanla da iqtisadi əməkdaşlığı genişləndirmək istəyir. Keçən ilə nəzər yetirsək görərik ki, iki milyard dollar civarında Hindistan və Azərbaycan arasında ticarət əlaqələri olmuşdu. Bu isə son 30 ildə ən yüksək göstəricilərdən biridir".

Ekspert onu da söyləyib ki, Hindistan həm Afrika və Yaxın Şərqə, həm də MDB məkanına yelkən açmağa çalışır:
"Ancaq Hindistanın ambisiyaları daha çox iqtisadi yönümlüdür. Ona görə də Hindistanın Ermənistana və yaxud başqa bir ölkəyə silah satışını siyasi ambisiya kimi qəbul etmək düzgün deyil. Ermənistanın Hindistandan aldığı silahlar Azərbaycan üçün effektsizdir. Çünki Azərbaycan Ordusu 44 günlük müharibədə, ondan sonrakı sərhəd münaqişələrində göstərib ki, bizim Ermənistan Ordusu ilə müqayisədə miqyas fərqimiz çox yüksəkdir. Ermənistan yenidən Azərbaycanla açıq müharibəyə cəhd etməz. Ermənistanın Qərbə inteqrasiya planında Rusiyanın ərazidən hərbi bazası çıxarılması da yer alır. Hindistandan alınan silahlar Rusiyaya qarşı müdafiə məqsədilə istifadə oluna bilər ".