Elçin Alıoğlu: Anklav məsələsi öz həllini mütləq tapacaq

"Ermənistanla bəzi anklav məsələləri də ortada var. Ola bilsin ki, anklavlar məsələsi delimitasiya çərçivəsində həll olunacaq".
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.
"Bizim 8 anklavımız işğal altındadır. Anklav məsələsinin həll edilməməsinin səbəbkarı yenə Ermənistandır. Vaxtilə anklav məsələsi qaldırılanda ermənilər dedilər ki, 1960 və ya 1980-ci illərdə guya bəzi ərazilər qeyri-qanuni səviyyədə Azərbaycana verilib və ona görə tanımırlar. 1929-cu ildə də Naxçıvanın bəzi kəndləri Ermənistana verilib. O zaman niyə 1960-cı illərdəki proseslərə baxılır, ondan əvvəlkilərə baxılmır?", - BMTM sədri qeyd edib.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tanınmış jurnalist, siyasi şərhçi Elçin Alıoğlu bildirib ki, Ermənistanın istəklərindən heç nə asılı deyil:
"Onlar sadəcə olaraq siyasi fırıldaqçılıq və siyasi alverə cəhdlə məşğuldurlar. Ermənistan ərazisindəki Qazaxın 7, Naxçıvanın Muxtar Respublikasının 1 kəndi baxış bucağından asılı olaraq həm anklav sayılır, həm də eksklav. Amma faktiki olaraq bu işğal altında olan ərazilərimiz və anklavlarımızdır. Buna görə də onların hansı şəraitdə azad olunacağı bizim problemimiz yox, Ermənistanın baş ağrısıdır. Çünki bu problem nə qədər həll edilmirsə, Ermənistana qarşı beynəlxalq hüquq müstəvisində və birgə yaşam çərçivəsində iddialar bir o qədər sərtləşəcək. Digər tərəfdən anklavların sülh sazişi, yaxud delimitasiyası və demarkasiyası məsələsi daxilində həll edilməsinin Azərbaycan üçün fərqi yoxdur. Bizim üçün əsas məsələ ərazilərimizin işğaldan azad edilməsidir. Ermənistan isə bunu anlayır və bütün variantlara əl atır".


Ekspert onu da vurğulayıb ki, Nikol Paşinyan əvvəl 4 kəndin azad olunmasını təklif etdikdən sonra Azərbaycan ərazisində Ermənistan anklavları gündəmə gətirildi:
"Bununla onlar prosesi uzatmağa çalışdılar. Artıq Ermənistan rəhbərliyi başa düşür ki, mütərəqqi, birgə yaşam və uzun müddətli strateji tərəfdaşlıq yolu Azərbaycanla sülh sazişinin imzalanmasından keçir. Ermənistan dövləti istədiyi qədər silahlana  və havadarlarına arxalana bilər. Lakin onlar gələcək üçün sağlam yaşama başlamaq istəyirlərsə, Azərbaycanla sülh müqaviləsini imzalamalıdırlar. Anklavlar məsələsi delimitasiyası və demarkasiyası, sülhün içində həll oluna bilər. Bunların heç biri olmasa belə, iki tərəf arasında əlahiddə bir anlaşma olacaq. Yəni, nə olur-olsun anklav məsələsi öz həllini mütləq tapacaq".