Qərb Paşinyanı çox pis aldadıb, onu Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamağa məcbur edib, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyacağına söz verib, lakin bu, baş tutmayıb.
Bu sözləri erməni politoloq Qagik Qambaryan erməni mediasına deyib.
O bildirib ki, bundan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel kənara çəkilib:
“Bakı indi bəyan edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası olmadan sülh müqaviləsi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan öz qoşunlarını Ermənistanın “işğal etdiyi ərazilərin”dən çıxarmayacaq. Eyni zamanda, Bakı Ermənistandan qoşunlarını anklavlardan çıxarmağı tələb edir. Beləliklə, Azərbaycan Ermənistana heç nə vermədən Ermənistandan İrana və Gürcüstana gedən yollara nəzarət etməyə çalışır”.
Erməni politoloqun fikirlərinə münasibət bildirən tanınmış jurnalist, politoloq Fuad Abbasov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ermənistanın Qərbə yönəlmənin nəticələrini anlamaq üçün Saakaşvilinin həbsxanada yaşadığı məhbus həyatından dərs almalıdır:
"Tarix boyu böyük dövlətlər Ermənistandan istifadə edib və bundan sonra da davam edəcəklər. Ermənistanın növbəti sahibləri isə başda Fransa olmaqla Avropada yerləşməkdədir. Həqiqətən də erməni politoloqun qeyd etdiyi kimi Qərb Ermənistanı aldatdı. Ermənistan ictimaiyyəti sərhədlərin delimitasiyası və demarkasiyası olmasından sonra sülh müqaviləsinin imzalanmasını istəyir. Çünki Demarkasiyası olmadan sülh müqaviləsinin imzalanması Azərbaycanın əlində növbəti kazus belidir. Yəni, Bakı Ermənistana qarşı müharibə elan edərək anklavların azad edilməsini, Zəngəzur dəhlizinin açılması üçün isə 2020-ci ildə imzalanan müqaviləyə əsasən tələbləri irəli sürə bilər. Ermənistan ictimaiyyəti isə bunu çox yaxşı başa düşür".
Politoloq qeyd edib ki, Ermənistan Şahramanyan kimi fiqurları işə salaraq revanşist açıqlamalar verir:
"Bu revanşist addımların arxasında da həm Rusiyadakı erməni lobbisi, həm də Ermənistanda fəaliyyət göstərən ruspərəst siyasətçilər dayanır. Onlar, bununla Qərbə və Azərbaycana sülh müqaviləsinin imzalanmayacağını duyurmağa çalışırlar. Amma yaddan çıxarmaq olmaz ki, Paşinyan əmirləri Qərb tərəfdən alır. Nikol Paşinyanı hakimiyyətə gətirən qüvvələr ondan müəyyən tələblər irəli sürüblər. Həmin tələblərin arasında Türkiyə ilə əlaqələrin yaxşılaşdırılması, Azərbaycanla sülh müqaviləsinin imzalanması və Ermənistanın Qərbə yönəlməsi yer alır. Ermənistan ictimaiyyəti nə qədər qarşı çıxsa da, Qərbin təzyiqi altında qalan Paşinyan iqtidarı sülh müqaviləsini imzalamağa məcbur qalacaq".