Rusiya bu gündən MDB-yə sədrlik etməyə başlayıb.
Rusiya KİV-i xəbər verir ki, təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçib.
Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.
O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.
Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.
Mövzu ilə bağlı "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, politoloq Fuad Abbasov bildirib ki, ümumiyyətlə Rusiyanın MDB dövlətlərində dönəm sədrliyi etməsi çox ciddi hadisədir:
"Bir tərəfdən Ukrayna müharibəsi, digər tərəfdən Moldovanın, Ermənistanın Avropaya inteqrasiya həvəsi və digər dövlətlərdə "reformçu" liderlərin iqtidara gəlməsi ilə dəyişən dünyada Rusiyanın özünü ciddi şəkildə bərpa etməsi lazımdır. Bu isə Ukrayna müharibəsində olduğu kimi silah gücünə özünü doğrultmadı. Şimal qonşumuz ideoloji və iqtisadi dırnaqarası hücumlara keçərək yumşaq güc vasitəsilə MDB ölkələrində olan nüfuzunu qorumağa çalışacaq. Bu dönəm sədirliyi əsnasında xarici valyutalardan deyil, euro və dolların hegemonluğuna son vermək üçün rubldan istifadə etməsi onu daha da möhkəmləndirir. Bu cür addımlar isə Rusiyanı həm Kollektiv Qərb, həm də Amerika qarşısında gücləndirir. Ona görə də birinci növbədə iqtisadi islahatlara yol verərək özünü MDB məkanında dirçəltməyə çalışacaq. Əgər Rusiya həmin ölkələrə alternativ inkişaf layihəsi verə bilsə, müəyyən şəkildə müvəffəqiyyət qazana biləcək".