2024-cü il yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik Qazaxıstan Respublikasına keçib.
Bu barədə qurumun məlumatında bildirilib.
KTMT 2024-cü il üçün Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 7 birgə hərbi təlim keçirməyi planlaşdırır.
KTMT-nin builki prioritetlərinə beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.
Sözügedən məsələni şərh edən siyasi şərhçi Turab Rzayev "Sherg.az"a söyləyib ki, Rusiya KTMT daxilində olan ölkələri özünə daha sıx birləşdirməyə çalışır:
"Məhz bu qədər qarşılıqlı hərbi təlimlərin keçirilməsi həmin ölkələrə Rusiyanın vaxtaşırı olaraq onların yanında olduğunu bildirməyə və təsir gücünü unutmamağa hesablanıb. Əks halda "cəmi 5 ölkədən ibarət olan təşkilatda 7 birgə hərbi təlimlərin keçirilməsinə nə ehtiyac var?" sualı ortaya çıxır. Rusiya bu cür təlimlər ilə öz təsir gücünü artırmağı planlayır. Eyni zamanda Qazaxıstan hakimiyyətinə açıq şəkildə mesaj olacaq ki, Rusiyanın hələ də təsir imkanları genişdir və istəkləri Mərkəzi Asiyada nəzərə alınmalıdır. Qazaxıstan, Qırğızıstan və Tacikistanda hərbi təlimlərin keçirilməsi bir növ Çinə də mesaj ola bilər. C.Tokayev hakimiyyətə gəldiyi zaman Qazaxıstan daxilində müəyyən qədər narazılıq var idi. Yeni qüvvələr Rusiyadan uzaqlaşmaqla bağlı fikirlər səsləndirirdi. Tokayev hakimiyyətinin Çin ilə yaxınlaşmasına qarşı çıxmağa da hesablana bilər. Bunun isə Qazaxıstana önəmli bir faydası olmayacaq".