Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.
Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib.
“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, - sözçü bildirib.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.
Millerin fikirlərinə münasibət bildirən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, Cənubi Qafqaz regionunda cərəyan edən proseslərdə Rusiyanın da öz maraqları mövcuddur:
"Kreml də regional sülh prosesinə müdaxilə edərək, Rusiyanın geopolitik maraqlarını təmin etməyə çalışır. Ancaq Kremlin sülh prosesinə müdaxilə imkanları hazırda o qədər də geniş deyil. Əksinə, hazırda Rusiya Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında müəyyən mənada, oyundan kənar vəziyyətə düşüb. Çünki Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını icra edərək, Rusiyanın vasitəçiliyi ilə təşkil olunan görüşlərə qatılmaqdan imtina edir.
Bütün bunları nəzərə aldıqda, hazırda Rusiyanın sülh prosesinə birbaşa əngəl törədə bilmədiyini düşünmək olar. Ancaq ABŞ və Qərb əksinə, hazırda Cənubi Qafqazda sülh prosesinə ciddi şəkildə müdaxilə edir. Bu regionda maraqları olan ABŞ, Avropa Birliyi və Fransa Azərbaycan-Ermənistan sülh danışıqlarını öz geopolitik maraqlarının girovuna çevirməyə can atır. Məhz ABŞ bir müddət öncə ermənipərəst mövqe tutaraq, Azərbaycanı təhdid etmişdi, rəsmi Bakıya təzyiq göstərməyə çalışmışdı. Bunun cavabı adekvat addımlar ilə verildikdən sonra ABŞ geri çəkilmək və Azərbaycan ilə münasibətləri yenidən normallaşdırmaq məcburiyyətində qalmışdı".
Ekspert eyni zamanda, qeyd edib ki, hazırda məhz Fransa Ermənistanı silahlandırmaqla məşğuldur:
"Rəsmi Paris öz ermənipərəst davranışları ilə Cənubi Qafqazda sülh prosesini pozmağa cəhd göstərir. Avropa Birliyi də Ermənistanın qatı siyasi himayədarı rolunda çıxış edir. Belə misalları artırmaq da olar. Ancaq bütün bunlar onu göstərir ki, Cənubi Qafqazda sülh prosesinin qarşısında əsas əngəl rolunu hazırda Rusiyadan daha çox məhz ABŞ və Qərb oynayır. Ona görə də, rəsmi Bakı ABŞ və Qərbin vasitəçilik etdiyi sülh platformalarında müzakirələrdən haqlı olaraq, imtina edir. Əgər, ABŞ və Qərb həqiqətən Cənubi Qafqazda sülh istəyirsə, onda ermənipərəst mövqeyindən imtina etməlidir, tərəfsizlik prinsiplərini hər şeydən üstün tutmalıdır".