Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq.
Bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib.
“Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib.
Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir.
Məsələni "Sherg.az"a dəyərləndirən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, Ermənistan son zamanlar silahlanmaya ciddi diqqət ayırır:
"Bunu isə müxtəlif adlar altında edir. Xatırladaq ki, aylar öncə rəsmi İrəvanın Hindistandan silahlar almaq yönündə hərəkətə keçdiyi barədə xəbərlər yayılmışdı. Bu sıraya “böyük bacısı” sayılan Fransa da daxildir. Cənub qonşumuz İranın da Ermənistana silahlar ötürdüyü barədə çox da uzun zamana təsadüf etməyən xəbərlər yayılmışdı. Bir sözlə düşmən ölkə özünə yaxın hesab etdiyi ölkələrin hesabına II Qarabağ savaşından, həmçinin, son olaraq, ötən ilin 19 sentyabrında Azərbaycanın həyata keçirdiyi lokal antiterror əməliyyatlarından sonra özünə gəlmək istəyir. Ermənistanın silahlanması bir növ bu imitasiya xarakteri daşıyır. Erməni cəmiyyətinə ruh vermək niyyəti burada açıq şəkildə görünür. Buna da nail olmaq çox çətindir. İndi də qeyd olunduğu kimi İsrailə “qarmaq atırlar”. Hesab edirəm ki, bu açıqlama İsraildən nəzərdə tutulan avadanlıqları alması anlamına gəlmir. İsrail bu məsələyə isti yanaşacağı şübhələr oyadır. Çünki İsrailin hərbi əməkdaşlıqla bağlı Azərbaycanla sıx əlaqələr mövcuddur. İndi Təl-ƏVİV bu əlaqələrin üstünə kölgə salacaq addımlar atmaq istəməz. Çünki etibarlı tərəfdaşı sayılan Azərbaycanı itirmək, yaxud əlaqələri soyuqlaşdırmaq yalnız İsrailə zərər vurar".
Ekspert onu da qeyd edib ki, erməni tərəfi HƏMAS-İsrail müharibəsinin başlanmasından sonra bir az ruhlanıb:
"Azərbaycan bu savaşda birmənalı şəkildə İsrailə dəstək vermədi. İndi erməni xisləti zənn edir ki, rəsmi Bakıya mesaj göndərmək üçün İsrail istədiklərini onlara verəcək. Heç də İsrailə tam bel də bağlamaq olmaz. Sadəcə dövlət maraqları naminə buna getməyəcəyini düşünürəm. Nə qədər də erməni tərəfi cəzaçəkmə müəssisələri adı altında guya bu avadanlıqları almaq niyyətində olduğunu desə də, təbii ki, burada başqa niyyətin olduğu güzgü kimi aydındır. Azərbaycan nə qədəR ərazi bütövlüyünü tam təmin etsə də, erməni tərəfdən hər cür təxribatı gözləyirik. Belə olan şəraitdə İsrail bu addımı atsa, onun qulaqardına vura bilmərik. Burada bir məsələ də var ki, erməni tərəfi tez-tez silahlar aldığı barədə məlumatlar yayır. Həmin silahları nə ilə alırlar? Dövlət büdcələri külli miqdarda vəsait qarşılığında ən müasir silahlar almağa imkan vermir. Yəni, ara-sıra bu tipli sərsəmləmələrə rast gələcəyik. Bunların gerçək olacağına inanmaq bəlli səbəblərdən çətindir. Amma istənilən halda Azərbaycan tərəfi belə məsələləri diqqətdə saxlamalı, lazım gəldikdə öz təpkisini göstərməlidir”.