Lukaşenkonun Bakı səfəri - ŞƏRH

"Burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz". Bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib. 

"Bu artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz. Biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız", - deyə Belarus Prezidenti vurğulayıb. 

Belarus Prezidentinin fikirlərini "Sherg.az"a şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Aleksandr Lukaşenkonun Azərbaycanın Qafqaz regionunda önəmli yerə sahib olması barədə fikirləri Azərbaycanın uzun illərdir qarşılıqlı etimada əsaslanan xarici siyasətinin, formalaşdırdığı müsbət imicin, həyata keçdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə qiymətləndirilməsidir:

"Həm dövlət başçılarının, həm də beynəlxalq təşkilat liderlərinin Azərbaycan barədə səsləndirdikləri müsbət mesajlar İkinci Qarabağ müharibəsində ölkəmizin tarixi Qələbəsi ilə müntəzəm xarakter aldı. Mürəkkəb geosiyasi reallıqları nəzərə alsaq, 200 illik bir problemi öz iradəsi hesabına həll edən Azərbaycan dövləti nəinki regionda, hətta qlobal səviyyədə yeni reallıqlar yaratdı. Qalib dövlət kimi irəli sürdüyü sülh gündəliyi və əməkdaşlıq platformalarını bölgə dövlətləri də müsbət qarşıladı. Bu baxımdan Azərbaycanı dünya səviyyəsində balanslı siyasət yürüdən, əməkdaşlığa böyük önəm verən, sözünə əməl edən dövlət kimi tanıyırlar və hörmət edirlər. Artıq bütün dünyada da qəbul olunur ki, heç bir dövlətin siyasi tövsiyələri Azərbaycanın iradəsinə təsir etmir. Əgər regionda hər hansı işlər görülürsə, layihələr həyata keçirilirsə, Azərbaycandan xəbərsiz və onun maraqları nəzərə alınmadan reallaşa bilməz. 
Eyni zamanda, Azərbaycan qardaş Türkiyə ilə, qonşuları Rusiya və Gürcüstanla da öz əlaqələrini inkişaf etdirir, İranla münasibətlərini tənzimləyir, Ermənistanla isə uzun illərdir davam edən düşmənçiliyi bitirmək üçün sülh gündəliyini irəli sürür və onun reallaşması üçün əməli addımlar atır".

Şərhçinin sözlərinə görə, Azərbaycanla Belarusun münasibətləri həm siyasi sahələrdə, həm də iqtisadi yöndə müsbət xarakter alır və daha inkişaf edir:

"Müxtəlif sahələri əhatə edən əməkdaşlıq, ticari əlaqələrin ötən illərlə müqayisədə daha da irəliyə aparılması üçün dövlət başçıları müsbət mesajlar verdilər. 
Münasibətlərin strateji xarakteri dövlətlərarası əlaqələrdə özünü göstərir və qarşılıqlı etimada əsaslanaraq daha da inkişaf etdirilir. Keçirilən görüşlər, qarşılıqlı təmaslar onu deməyə əsas verir ki, gələcək üçün hər iki tərəfin maraqlarına uyğun şəkildə daha böyük işlər görüləcək, ciddi layihələr həyata keçiriləcək".

Şəmsiyyə Cəfərquluzadə