Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Fransaya işgüzar səfərə gedib.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Səfərin gündəliyi və planlaşdırılan görüşlər açıqlanmayıb.
Papikyanın Fransaya səfərini “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov bildirib ki, II Qarabağ Müharibəsindən sonra Ermənistan öz xarici siyasətində dəyişikliklər etmək qərarına gəldi:
“Rusiya ilə münasibətləri korlamaq müqabilində Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı ilə daha sıx əlaqələr üçün hərəkətə keçdilər. Bu gün Ermənistan üçün əsas prioritet siyasi və hərbi dəstək qazanmaqdır. Ardıcıl olaraq İrəvana olunan səfərlər də bunu deməyə əsas verir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Braynın İrəvana səfərinin ardınca Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfər etdiyini görürük. Nümayəndə heyyətinin keçirdiyi görüşdə hərbi, hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq. Fransa uzun müddətdir Ermənistanla hərbi-siyasi sahədə əməkdaşlıq qurmaq niyyətindədir. Eyni zamanda, Gürcüstan ərazisindən keçməklə “Bastion” zirehli maşınlarının Ermənistana verilməsindən sonra gecəgörmə cihazları və radarlar da İrəvana tədarük olunub. Bu regional sülhü və təhlükəsizliyi pozmaq, eyni zamanda, Ermənistanda revanşizm dalğasını gücləndirmək məqsədi güdür. Bu xüsusda Cənab Prezident İlham Əliyev çıxışında bildirib ki, Ermənistanda silahlanmanın kritik həddə çatmasına göz yummayacayıq. Fransanın Vətən savaşında və sonrakı dövrdə necə ermənipərəst mövqe tutduğunu gördük. Hazırki geosiyasi reallıqlarda da belə təmaslar antitürk həlqəsinin genişlənməsinə xidmət edir. Əgər müharibədən əvvəl Yunanıstan, Ermənistan və Kipr üçbucağı formalaşmışdısa, bu gün antitürk mövqeyi daha çox dövlətləri ərtafında birləşdirir. Fransanın Azərbaycan və Türkiyəyə qarşı tutduğu yol düşmənçilik xəttidir. Emmanuel Makronun dövründə düşmənçilik xətti daha da intensivləşib”.