Paşinyanın Sünikə (Zəngəzur – red.) səfəri, şübhəsiz ki, respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır.
Bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan deyib.
“Məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Kərki, Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”, – erməni deputat bildirib.
T.Abramyan iddia edib ki, guya bu ərazilər Ermənistanın “ərazi bütövlüyü”nə daxildir və onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər.
Abramyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a bildirib ki, Nikol Paşinyanın Zəngəzura səfəri çərçivəsində əhali ilə görüşləri və verdiyi bəyanatları şərti sərhəddə delimitasiya və demarkasiya işlərinin növbəti raundunun başlayacağından xəbər verir:
“4 qeyri-anklav kəndin savaşsız ölkəmizə qaytarılmasından sonra növbədə Kərki, Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndləridir ki, onların da taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan tərəfi öz mövqeyini rəsmi İrəvana bildirib. Lakin ölkə daxilində Nikol Paşinyan hökumətinə qarşı baş verən üsyanlar əslində bu prosesə də bir etirazdır.
Rəsmi Ankara və Bakının digər mövzularda olduğu kimi sərhəd məsələsində də birgə qərarı Ermənistanı həmin tandemin tələblərini yerinə yetirməyə məcbur edir. Çünki Azərbaycan və Türkiyənin maraqları nəzərə alınmadan real nizamlanma prosesi mümkün deyil. Belə ki, Ermənistan Türkiyə ilə dövlət sərhədlərinin açılmasını istəyir. Qardaş ölkə də bu baxımdan öz şərtini qarşı tərəfə bildirib və Türkiyə Zəngəzur dəhlizinin açılması istiqamətindəki prosesləri yaxından izləyir.
N. Paşinyan əhali ilə görüşündə də bu mövzuya toxunub və növbəti mərhələdə dəhliz barədə hansısa yeniliklərin ola biləcəyi mesajını verib”.
Ekspert qeyd edib ki, Ermənistanın baş naziri heç vaxt açıq şəkildə Azərbaycanın üstünlüyünü etiraf etməz:
“Amma bunu ən bəsit formada xalqa çatdırar. Xatırlayırıq ki, 4 qeyri-anklav kənd qaytarılmazdan əvvəl də bu şərti sərhəddə mütəmadi şəkildə bu cür görüşlər keçirilirdi. Artıq Baş nazir Nikol Paşinyan anlayır ki, sərhədlərin demarkasiya olunması prosesi ölkənin təhlükəsizliyinin mühüm təminatıdır. Lakin onun bir yandan da Ermənistanın ərazisi ilə bağlı konkret rəqəmlər səsləndirməsi hazırkı məqamda heç də uğurlu gedişat deyil. Çünki bu yanaşma qarşılıqlı şəkildə eyniləşdirməyə gətirib çıxarır ki, bu da Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Nikol Paşinyanın Azərbaycanla sərhədin demarkasiyası prosesində referendum keçirilə bilər bəyanatı da bu baxımdan daxili auditoriyaya hesablanıb”.