Analitik: Çin üçün Azərbaycanla əlaqələrin inkişafı qlobal güc olmaq yolunda mühüm məqamdır

Azərbaycanın xarici siyasəti yalnız Qərblə deyil, Asiya regionu ilə də münasibətlərin uğurlu inkişafı, Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlib. 
Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsiAzərbaycanın xarici siyasətinin əsas prioritetlərindənbiridir. Azərbaycanla Çin arasında diplomatik münasibətlərin qurulduğu 1992-ci il aprelin 2-dən etibarən iki ölkə arasında əməkdaşlıq inkişaf edir və hazırda artıq strateji səviyyəyə yüksəlib. Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri yaranıb. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Astanada keçirilən Şanxay Əməldaşlıq Təşkilatının növbəti zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi və əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirilməsibaxımından mühüm əhəmiyyəti var.
Birgə Bəyannamə, həmçinin iqtisadi sahədə digər sənədlərin imzalanması Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və çəkisinin daha da yüksəldiyini nümayiş etdirir. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə, onun şəxsiyyətinə olan hörmət və etibarın təzahürüdür.
 
İktərəfli münasibətləri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, rəsmi Bakı və Pekin arasında əlaqələr Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qurulmağa başlayıb: 

“Sonrakı mərhələdə ikitərəfli münasibətlər normal məcrada davam etsə də, heç vaxt belə yüksək səviyyədə olmayıb. Bunun səbəblərindən biri də Çinin aktiv şəkildə dünyada əsas güclərdən birinə çevrilməsidir. Rəsmi Pekin xüsusilə 2013-ci ildən sonra beynəlxalq səviyyədə qlobal güc olmaq istiqamətində daha açıq müstəvidə fəailiyyətə başladı. Daha sonra bunu “Bir kəmər, bir yol” layihəsi üzərindən davam etdirdi. Çünki bu layihə Avrasiyanın gələcək 50 illik tarixinin siyasi və iqtisadi mənzərəsi idi. Təbii ki, Çin sözügedən layihədə təmsil olunan ölkələrlə daha sıx əlaqələr qurmaq istəyir. Azərbaycan da burada Çin üçün daha çox əhəmiyyət daşıyır. Digər ölkələrdən fərqli olaraq Azərbaycan daha strateji önəmə sahibdir. Çünki Çin Avropa bazarına çıxışda 2013-cü ildən sonra layihə çərçivəsində quru dəhlizlərinə önəm verməyə başladı. Çin tarix boyu həmişə dənizlər üzərindən bazarlara çıxış edib. Amerika isə Çinin dənizlər üzərində dəhlizlərinin qarşısını almaq üçün müəyyən addımlar atıb. Çin isə alternativ manşurtlar tapmaq üçün quru dəhlizlərə diqqət etməyə başladı. Ona görə də layihə daxilində ən çox Orta dəhlizə önəm verir. Azərbaycan isə burada əsas hablardan biridir və birləşdirici ölkə olaraq qəbul edilir. Digər tərəfdən isə Azərbaycan Cənubi Qafqazın əsas güc və xilasedici ölkəsi olaraq tanınır. 44 günlük müharibədən sonra bu daha real faktora çevrilib. Bu baxımdan Çin üçün Azərbaycanla əlaqələrə önəm vermək qlobal güc olmaq yolunda mühüm məqamdır. Azərbaycan üçün də Çin ilə münasibətlər qurmaq əhəmiyyətlidir. 2018-ci ildən sonra Azərbaycanda Çin bazarına çıxmaq, iqtsadi əlaqələri inkişaf etdirmək və ticarət əlaqələrini genişləndirmək istiqamətində addımlar atılıb. Çin Cənubi Qafqazda Ermənistan və Gürcüstan ilə də əlaqələr qurmağa səy göstərir. Amma Gürcüstanda Amerikanın təsiri var. Eyni zamanda, Ermənistanda da son vaxtlar Qərbin təsiri artıb. Daha əvvəllər isə Ermənistan Rusiyanın forpostu idi. Yəni Çin Ermənistanla strateji əməkdaşlıq etməklə daha ehtiyatlı davranır”.