Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya prezidenti Bəşər Əsədin sentyabrda üçüncü ölkədə görüşəcəyi iddia edilir.
Bu barədə “Türkiyə” qəzeti yazır. Nəşr mənbələrə istinadən xəbər verir ki, görüş üçün bütün hazırlıqlar görülüb və tərəflərin görüşlə bağlı tələbləri, şərtləri qarşılıqlı şəkildə bir-birinə çatdırılıb.
Bildirilib ki, xarici işlər naziri Hakan Fidanın Moskvadakı təmaslarından sonra Rusiya prezidenti Vladimir Putin Suriyanın xüsusi nümayəndəsi Aleksandr Lavrentyevi Dəməşqə göndərib və ondan Əsədi Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) iclasında iştirak etməyə razı salmasını istəyib. Əsəd “Biz normallaşmaya hazırıq” deyib. Lakin ŞƏT-in iclasında iştirak etməyib.
Nəşr onu da qeyd edib ki, Ərdoğanla Əsəd arasında görüşün 2024-cü ilin sentyabr ayına qədər üçüncü ölkədə keçirilməsi planlaşdırılır.
Görüşün hansı ölkədə keçiriləcəyinə Putinin Türkiyə səfərindən sonra aydınlıq gələcəyi bildirilib. Görüş üçün ən çox ehtimal olunan ölkə Rusiyanın olduğu bildirilir.
İki ölkə Prezidenti arasıdakı gözlənilən görüşü “Sherg.az”a dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan söyləyib ki, Suriyada terrorçu PKK-nın ənənəvi yuvalarındandır:
“Bu Hafiz Əsədin dövründə də belə olub və indi də davam edir. Ona görə də Türkiyə daim özünü Suriyadan müdafiə etmək istiqamətində addımlar atıb. Hətta PKK lideri Abdullah Öcalan Suriyadan Kenyaya göndərildikdən sonra həbs edilib. Bu deməyə əsas verir ki, Türkiyənin məsələsi təkcə hakimiyyətlə bağlı deyil. Eyni zamanda, ərazi olaraq Suriyanın Türkiyəni təhdid edən region olmasıdır. Türkiyə və Suriya hakimiyyəti arasındakı danışıqlar bir neçə istiqamətdə baş tuta bilər. İlk növbədə müzakirə olunacaq mövzu terror məsələsi, daha sonra PKK, YPG, PYD quruplaşmasının İraqın Şimalında muxtar qurum yaratmaq cəhdidir. Digər tərəfdən Suriyadakı türkmənlərin milli hüquqlarının təmin edilməsi məsələsi də masaya yatırıla bilər. Suriyanın Türkiyə üçün təhlükəsiz dövlət olması istəyinin də müzakirə olunması gözləniləndir. Sözügedən məsələlər daim iki ölkə arasında danışıqlar masasında olan mövzulardır. Eyni zamanda, HƏMAS və İsrail müharibəsi ilə bağlı da müzakirələrin aparılması mümkündür. Son zamanlar Suriya ilə Türkiyə münasibətlərinin normallaşmasına zərurət yaranır. Bu həm də suriyalı qaçqınların prespektivdə ölkəyə qaytarılması istiqamətində danışıqlara yola aça bilər. Türkiyədə suriyalı qaçqınların törətdiyi cinayətlər və onlara qarşı olunan rəftarlar ölkə rəsmilərini narahat edir. Ola bilsin ki, prespektivdə həmin məsələ də tərəflərin danışığında yer alacaq. Əgər görüş həqiqətən baş tutarsa, Dəməşqlə Ankara arasındakı buzlar əriyəcək. Sözügedən görüş regionda sabitlik üçün vacibdir. Eləcə də terror quruplaşmalarına qarşı mübarizənin səmərəliliyini artırar. Suriya ərazisinin parçalanmasının qarşısını da ala bilər. Beləliklə Suriyadakı Bəşər Əsəd hakimiyyəti özünü təcriddən çıxara bilər”.