Çünki sülh sazişi ilə bağlı birbaşa danışıqlar gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-a səfər edəcək.
Bu məlumatı “TRT Haber” yayıb.
Ərdoğanın səfəri iki gün davam edəcək. O, Vaşinqtonda iki gün davam NATO sammitinə qatılacaq. Sammit çərçivəsində Ərdoğanın digər dövlət başçıları ilə görüşləri olacaq.
“CNN Türk” yazır ki, Vaşinqtonda Ərdoğanın əsas müzakirə edəcəyi məsələ Qəzza sektoru, Ukrayna müharibəsi olacaq.
Vaşinqton sammitinə ABŞ Qafqaz ölkələrini də dəvət edib. Gürcüstan və Ermənistan artıq sammitə qatılacaqlarını bəyan ediblər, lakin Azərbaycan hələlik Ceyhun Bayramovun Vaşinqtona yollanıb-yollanmayacağına aydınlıq gətirməyib.
Sözügedən məsələni “Sherg.az”a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, NATO-nun Vaşinqton toplantısında əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi və Qəzzadakı vəziyyət olacaq:
“Rəcəb Tayyib Ərdoğanın iki mövzu ilə bağlı çıxışları olacaq. Rəcəb Tayyib Ərdoğan daha çox diqqəti Qəzza müharibəsinə yönəldəcək. Eyni zamanda, savaşın dayandırılması vacibliyinə toxunacaq və Fələstinin müstəqillik məsələsi də müzakirə obyekti olacaq. Rusiya və Ukrayna savaşı ilə bağlı da müxtəlif fikirlər səsləndiriləcək. Bu toplantıdan əvvəl də Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsi ilə əlaqədar müxtəlif təşəbbüslərlə çıxış edib və vasitəçilik təklifi irəli sürüb. Amma çox təəssüf müharibə elə vəziyyətə çatıb ki, tərəflər eyni masa arxasında oturmağa maraq göstərmir. Azərbaycanla Ermənistan arasında sülh sazişi isə müzakirə mövzusu olmayacaq. Çünki sülh sazişi ilə bağlı birbaşa danışıqlar gedir”.