"Ermənistan Azərbaycanın sülh əlini geri çevirməməlidir"
Ermənistanın siyasi elitası və politoloqları İrandakı seçkilərin ardınca Fransada baş verənlərdən narahatlıqlarını gizlətmirlər.
Uzun illər İran Ermənistanın işğal siyasətini dəstəkləyib, bu işğalçı ölkəyə hərbi-iqtisadi yardım göstərib və faktiki olaraq Azərbaycanın blokada strategiyasının tam hədəfinə çatmasına mane olub. Vətən müharibəsindən sonra isə Ermənistanın masada kapitulyant kimi oturmaması, Azərbaycanla bərabərhüquqlu statusda olmasına Fransadan da çox yardımçı olub.
5 iyulda İranda keçirilən seçkilərdə azərbaycanlı olması ilə fəxr edən, prezident seçkisi zamanı Güney Azərbaycan vilayətlərində azərbaycanca çıxış edən və millətçilərin ciddi şəkildə dəstəklədiyi Məsud Pezeşkianın qalib gəlməsi Ermənistanda ciddi narahatlıqla müşayiət olunurdu. Hətta erməni siyasilər bir-birinin ardınca təsəlli xarakterli bəyanatlar verməyə çalşırdılar.
İrəvanı “sona qədər” dəstəkləməyi qarşısına prinsipial məqsəd olaraq qoyan Makronun 7 iyulda Fransadakı parlament seçkilərinin ikinci turunda məğlubiyyəti isə Ermənistanda həyəcanı daha da artırıb. Erməni politoloqlar hesab edir ki, Makronun məğlubiyyəti və solçularla hakimiyyəti bölüşməyə məcbur olması Fransanın Cənubi Qafqaz siyasətində redaktələrə səbəb ola bilər. Amma bu, hamısı deyil!
ABŞ-də də seçkilər gözlənilir və Donald Trampın qalib gəlmə ehtimalı yüksəkdir. Baydendən fərqli olaraq, Rusiyanın ambisiyalarını anlayan Tramp Cənubi Qafqaza əvvəlki kimi nüfuz etməyəcək və bu ərazidə Rusiyanın hegemonluğunu bölüşəcək. Üstəlik, Trampın hakimiyyətə gəlməsi ilə Ukraynadakı konfliktin də Rusiyanın böyük ölçüdə istədiyi şərtlərlə başa çatacağı ehtimalı Kremlin Cənubi Qafqaza diqqətini artıracaq.
Erməni siyasətçilərin fikrincə, “Ərdoğanın dostu” Putin İrəvanın bu illər ərzində etdiklərini unutmayacaq, Putinin ən yaxın məsləhətçisi və “adamı” Aleksandr Lukaşenko isə İlham Əliyevin dostudur.
Beləliklə, İrəvan üçün heç də yaxşı perspektiv görünmür. Buna görə də erməni siyasilər sülh sazişinin ən münasib şərtlərlə məhz yaxın bir neçə ayda bağlanmasının vacibliyini vurğulayırlar. Əks halda bir neçə aydan sonra şərtlər daha fərqli ola bilər.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sultan Zahidov söyləyib ki, son günlər dünya siyasəti kifayət qədər maraqlı məqamlar ilə yadda qalıb:
“Fransa, İran və Böyük Britaniyadakı seçkilər nəticəsində hakim təbəqələrin dəyişməsi dünya siyasətinin yeni istiqamətlər götürəcəyi proqnozunu verir. Belə olan şəraitdə isə Cənubi Qafqaz və Azərbaycan üçün də bəhs olunan ölkələrin hansı siyasi xətt yürüdəcəyini təxmin etməsi vacibdir. İran və Fransadakı seçkilərin nəticələri ölkəmizdə böyük marağa səbəb olub. Amma təəssüflər olsun ki, hər iki ölkədə yeni fraksiyaların hakimiyyətə gəlməsi həmin ölkələrin Cənubi Qafqazda Azərbaycana olan münasibətini dəyişməyəcək. Çünki hər iki ölkədə xarici siyasətdə və təhlükəsizlik məsələlərində qərarverici şəxs fərqli fiqurlardır. İranın Ermənistana Fransadan daha çox dəstək göstərməsi isə mübahisəli məqamdır. İran uzun illər Ermənistanı dəstəkləyən ölkə olub. Yəni türklərin güclənməsinə imkan verməmək İranın ali siyasət konsepsiyasının təməl daşlarından biridir. Çünki türklərin güclənməsi İrandakı türklərin də ayağa qalxmasına səbəb ola bilər. Məhz buna görə tarix boyu İran Ermənistanla yüksək səviyyətə iqtisadi, ticari əlaqələr saxlayıb və blokada həyata keçirməyib. Azərbaycanla Türkiyənin blokadasından sonra Ermənistanın nəfəs ala biləcəyi iki nəfəslik var idi: Gürcüstan və iran sərhədləri. Ermənistan bütün elektrik enerjisi, qaz təchizatı İran vasitəsilə nəql olunurdu. Hazırda da Zəngəzur dəhlizinin açılmasına ən böyük maneələrdən biri İrandır. Çünki İran özünün geostrateji üstünlüyünü itirmək istəmir.
Rusiya da uzun illər Ermənistanın böyük dəstəkçisi olub. Birinci Qarabağ müharibəsində məğlub olmağımızın səbəbkarı Rusiyadır. İndi isə geosiyasi vəziyyət dəyişib və Rusiya Ermənistandan daha çox Azərbaycanla yaxındır. Azərbaycan da öz milli maraqlarına uyğun olaraq yaranan geosiyasi vəziyyətdən istifadə edir. Ermənistan isə mövcud proseslərdən düzgün şəkildə yararlanaraq Azərbaycanın sülh əlini geri çevirməməlidir. Eyni zamanda, xarici dövlətlərdən sifariş almamalı və Zəngəzur dəhlizinin açılması mane törətməməlidir”.