İranın xarici və daxili siyasət kursunu ali rəhbər Əli Xamenei müəyyənləşdirir
Ona görə də Pezeşkiyanın Türkiyə-İran münasibətlərində yeni cizgilər çəkəcəyini düşünmək sadəlöv olardı.
Prezident Rəcəb Tayyib Ərdoğan İranın yeni prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Kritik təmas zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşması mesajı verilib.
Telefon danışığı zamanı Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə İran arasındakı əlaqələrin köklü tarixini vurğulayıb, yeni dövrdə əlaqələrin hər sahədə inkişaf etməyə davam edəcəyinə inandığını bildirib.
Ərdoğan iranlı həmkarını seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Ortu Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın yeni seçilən Prezidenti Məsud Pezeşkiana telefon zəngi dövlətlərarası münasibətlərdə protokol qaydasıdır:
“Yəni Türkiyə Pezeşkianın Prezidentliyinin legitimliyini tanıyıb. İranın xarici və daxili siyasət kursunu ali rəhbər Əli Xamenei müəyyənləşdirir. Ona görə də Pezeşkiyanın Türkiyə-İran münasibətlərində yeni cizgilər çəkəcəyini düşünmək sadəlövh olardı. Çünki buna onun qanuni səlahiyyətləri imkan vermir. Bütövlükdə İranın Türkiyə və regiona olan yanaşmasını Xamenei müəyyənləşdirdiyinə görə Pezeşkian dəyişməyəcək. Yəni İran-Türkiyə münasibətlərinin hansı istiqamətdə inkişafını məqbul saysa, Pezeşkian da həmin yöndə yerinə yetirəcək”.