Azərbaycanda müxalifətdə olan Müsavat və Respublikaçı Alternativ (REAL) Partiyaları noyabrın 1-də keçiriləcək parlament seçkiləri üzrə deputalığa namizədlərini elan edib.
Müsavat Partiyasının məlumatına görə, iyulun 8-də partiyanın Divanı (İdarə Heyəti-red.) 27 seçki dairəsi üzrə deputalığa namizədlərini elan edib. Namizədlər arasında bu partiyanın sədri İsa Qəmbərin və Məclisin sədri Arif Hacılının adları yoxdur. Bununla yanaşı, namizədlər arasında bu partiyanın aparatının rəhbəri Gülağa Aslanlı, Məclisin keçmiş sədri Nüşabə Sadıxlı var.
Partiyanın məlumatında bildirilir ki, digər dairələrdən namizədlərin irəli sürülməsi ilə bağlı müzakirələr davam edir, müvafiq qərarlar qarşıdakı günlərdə qəbul ediləcək.
Partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı “Sherg.az”a vurğulayıb ki, Müsavat Partiyası səlahiyyətli nümayəndələrinin siyahısını Mərkəzi Seçki Komissiyasına verib və ilkin siyahı təsdiqlənib:
“Daha sonra bütün lazımlı sənədləri MSK-a bizə qaytardı. Bundan sonra isə namizədlərin irəli sürülməsi üçün lazım olan sənədlərin hazırlanması məsələsi var idi. Həmin prosesi iyulun 4-dən demək olar ki, bitirmişik. İndiyə qədər on bir nəfər namizəd sənədlərini alaraq Dairə Seçki Komisiyyalarına gediblər. Müsavat Partiyasının sənədləri həmişə nümunəvi olduğuna görə heç bir irad bildirilmədən sənədləri qəbul ediblər və 5 gün ərzində namizədliyin təsdiqinə baxılacağını bildiriblər. Arif Hacılı və İsa Qəmbər hələki namizədliklərini vermək istəməyiblər. Ümumiyyətlə, Müsavat Partiyasında kiminsə namizədliyini verməsi ilə bağlı məcbur etmə halları yoxdur. Kim namizədliyini vermək istəyirsə, onların siyahısını elan etdik. Amma növbəti toplantılarda başqa namizədlərin də siyahısı çox güman təsdiqlənəcək”.