Rusiyanın tərəfdaşlarının sayı artdıqca səsi daha ucadan gəlməyə başlayır - TƏHLİL

Hadisələr göstərir ki, Kreml Ukrayna məsələsini bitirib, diqqətini digər problemlərə yönəlməyə çalışır

Rusiya əvvəlkindən daha çox resurslara çıxış əldə edərək cəbhədə əməliyyatlarının həcmini də artıra bilir
 
Rusiya Ukrayna müharibəsi ənənəvi şiddəti ilə davam edir. Kiyevin Qərbdən aldığı və daha dağıdıcı silahlar döyüş meydanında qarşı tərəfin canlı və texniki itkilərini xeyli artırıb.

Təbii ki, Rusiya da sakit dayanmayıb. Böyük ehtimalla, bu yay hərbi qarşıdurma ən kəskin fazasına girəcək.  “Qərb müttəfiqləri Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirməyə icazə verərsə, Ukrayna ordusu qarşı tərəfin hücum əməliyyatlarını poza biləcək”.

Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun təhlilində deyilir (Teleqraf.com).

ABŞ analitikləri nümunə kimi iyunun sonunda Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələri göstərirlər. Ötən günlərdə Ukrayna hərbçiləri Belqorod vilayətindəki Rusiya alayının komanda məntəqəsini vurmuşdular. Obyektin cəbhə xəttinə yaxın və sərhədə bir kilometrdən də az məsafədə yerləşməsi, onun Rusiyanın Xarkov vilayətindəki əməliyyatlarında mühüm əhəmiyyət daşıdığını deməyə əsas verir.  İnstitutun ekspertlərinin fikrincə, Ukrayna hərbi obyekti Fransanın yüksək dəqiqlikli “Armament Air-Sol Modulaire Hammer” bombası ilə vurub. “Bu, Qərbin Ukrayna ordusunun Rusiya ərazisindəki hərbi obyektlərə zərbələr endirmək üçün öz silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa davam edərsə, Ukraynanın Rusiyanın hücum əməliyyatlarını poza biləcəyi faktını təsdiqləyir. Ukrayna düşmənin genişmiqyaslı əməliyyatlarını pozmaq məqsədilə Rusiyanın dərinlikdəki hərbi obyektlərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan, xüsusən də ATACMS raketlərindən istifadə edə bilməlidir”, - təhlildə vurğulanır.

Görünən budur ki, müharibədə dönüş anı yaxınlaşmaqdadır. Hərçənd tərəflərin diametral zidd mövqeləri sülh masasının qurulmasını mümkünsüz edir. Macarıstan baş naziri Viktor Orbanın təşəbbüsü ilə bağlı qalmaqal isə göstərdi ki, vasitəçi tapmaq elə də asan deyil.  Maraqlıdır ki, Orbanın Putinlə görüşündən sonra Rusiya Ukraynaya hücumları artırıb. “Önümüzdəki aylarda cəbhədəki vəziyyətin daha da pisləşəcəyi gözlənilir. Mənim həm Ukrayna, həm də Rusiya prezidentləri ilə danışmaq imkanım olub və inanın ki, qarşıdakı iki-üç ay düşündüyümüzdən daha qəddar olacaq. Müharibə siyasətindən sülh siyasətinə keçmək üçün indi ən doğru məqamdır”, - Orban bildirib.  

Mövzunu  “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Rusiya-Ukrayna cəbhəsində son günlər artan münaqişə Qərb və Şərq arasındakı gərginlik ilə bağlıdır: 

“Müharibənin ilk günlərində Şərq dövlətləri olan  Çin, Şimali Koreya və digər ölkələr Rusiyayla gizli şəkildə əlaqələrini davam etdirirdilərsə, indi açıq formada rəsmi Moskvaya yardım göstərirlər. Eyni zamanda, hərbi dəstək verməkdən belə çəkinmirlər. Hindistan Rusiya ilə son dərəcə münasibətlərini inkişaf etdirir. Ona görə də Rusiya əvvəlkindən daha çox resurslara çıxış əldə edərək cəbhədə əməliyyatlarının həcmini də artıra bilir. Bu isə Rusiyanın Ukrayna məsələsini birmənalı şəkildə bitirməyə və digər problemlərə yönəlmək istəməyindən xəbər verir. Yəni Ukrayna münaqişəsində atəşkəs razılaşması əldə etməyə fokuslanıb. Ona görə də   Rusiya son zamanlar hərbi əməliyyatlarını intensivləşdirir. Eyni zamanda, Rusiyanın tərəfdaşlarının sayı artdıqca səsi daha çox gəlməyə başlayır. Rusiyanın cəbhədəki hücümlarının şiddəti bu gümlərdə keçirilən NATO sammitin nəticələrinin elan olunmasına qədər davam edəcək. Əgər NATO sammitində Ukrayna həlledici dəstək barədə razılığa gəlinərsə, Rusiyanın cəbhədə qazandığı üstünlük sarsıla bilər. Ukraynanın isə öz hücumlarının sayını artırma ehtima yaranar”.