İrəvan sülh danışıqlarına qayıtmazsa, cavabını alacaq - RƏY

Hətta lokal hərbi əməliyyatların yaşanması da mümkündür

“Ermənistan sülh müzakirələrini şouya çevirməyə cəhd edir.

Əsas niyyəti zaman qazanmaq, yaranmış fürsətdən istifadə edərək silahlanmaqdır”

  Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yenidən dalana dirənməsi ilə bağlı narahatlıqlar mövcuddur. O səbəbdən 2024-cü ilin Bakı-İrəvan arasında sülh müqaviləsinin imzalanacağı il kimi tarixə düşəcəyi qeyri-dəqiqdir. Müəyyən qədər pozitiv mövqelərə, o cümlədən COP29 sammitinədək sülhlə bağlı real nəticə olacağı haqda ehtimallara rəğmən, sülh sazişi əleyhinə bir sıra əngəllərin olduğu bildirilir. Sülh sazişinin qarşısında duran əsas maneələrdən biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Sülhün reallaşması üçün Paşinyan referenduma getməli və qanunvericilik aktlarında dəyişiklik etməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də sülh sənədinin imzalanmasında bu məsələni ən mühüm şərt kimi irəli sürüb. Digər narahatedici məqam isə Ermənistanın Fransa, ABŞ, Avropa İttifaqı, İran, Hindistan və s. ölkələrlə hərbi əməkdaşlığı, sürətlə silahlanmasıdır. Üstəlik, Ermənistan silahlı qüvvələri ötən gün Tovuz rayonu istiqamətində kvadrokopterla təxribata əl atıblar. Azərbaycan Müdafiə Nazirliyi də Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb. Nazirlikdən bildirilib ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır: "ABŞ-nin Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir. Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünümüdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək. Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək". Gürcü politoloq Gela Vasadze Ermənistanın hərbi satınalmaları ilə bağlı son xəbərləri şərh edərkən deyib ki, İrəvanın nəyə can atdığı tam aydındır. Onun sözlərinə görə, Ermənistan 44 günlük müharibədə silahlarının böyük hissəsini itirib və indi öz hərbi potensialını bərpa etməyə çalışır: "Başqa bir sual ondan ibarətdir ki, onlar bunun üçün düzgün vaxtı seçiblərmi - mən şübhə edirəm. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir ki, onlar Azərbaycanla sülh bağlamağa heç vaxt bu qədər yaxın olmayıblar. Amma ümumilikdə onlar güclü orduya sahib olmaq istəyirlər". Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, ABŞ Ermənistandakı təlimin xərcini özü ödəyib. Təlimlərə ABŞ ağır texnikasının cəlb edilməsi, onların daşınması və s. xərclərin qarşı tərəfin özü tərəfindən qarşılandığı vurğulanıb.
  Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general Yücel Karauz "Sherg.az"a açıqlamasında deyib ki, əgər Ermənistan indiki kimi ikiüzlü, qeyri-müəyyən siyasət yeritməyə davam edərsə, səmimi olmayan açıqlamalar verərsə, Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması xeyli yubana, ləngiyə bilər. General vurğulayıb ki, əslində, son aylaradək ictimaiyyətdə Bakı-İrəvan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı müəyyən pozitivlik var idi:

"Hətta COP29-a kimi, ilin sonunadək tərəflərin sülh müqaviləsinə imza atacağı ehtimalı yüksək dəyərləndirilirdi. Ancaq tarix boyunca yaşanmış siyasi prosesləri təhlil etməyi bacaranlar sülhün tezliklə əldə olunmayacağını vurğulayırdı. Çünki Ermənistan həm siyasi-diplomatik, həm də hərbi baxımdan sülh müzakirələrini şouya, teatra çevirməyə cəhd edir. İrəvanın əsas niyyəti zaman qazanmaq, yaranmış fürsətdən istifadə edərək silahlanmaqdır. Buna görə də zaman-zaman təxribatlara əl atır, təhrikedici addımlar atır. Əlbəttə ki, Azərbaycan Ermənistanın bu tələlərinə düşməyəcək. Azərbaycanın səbrinin, təmkininin də bir sonu var. Ermənistan Baş naziri Nikol Paşinyan Londonda masadan qaçdı. Sülh istəyində səmimi olan bir tərəf niyə danışıqlardan qaçsın?! Bir tərəfdən XİN rəhbərləri Vaşinqtonda görüşür, müzakirələr aparır, digər yandan Paşinyan Azərbaycan lideri ilə bir araya gəlməkdən boyun qaçırsın".
  Y.Karauz bəyan edib ki, Azərbaycanın 3 il öncə ortaya qoyduğu əsas prinsiplər bu gün də keçərlidir: "Bakı öz tələblərindən, haqlı şərtlərindən heç zaman vaz keçməyəcək. Ermənistanın təxribatçı addımları, silahlanma təşəbbüsləri, hərbi təlimlər olduqca narahatedici məqamlardır. Azərbaycan tərəfi növbəti dəfə sərt xəbərdarlığını edir. Əgər Ermənistan hökuməti təxribatçı və pozucu addımlardan imtina edərək sülh danışıqlarına qayıtmazsa, bunun cavabını alacaq. Hətta lokal hərbi əməliyyatların yaşanması da mümkündür. Görünür, Ermənistan yenə Azərbaycanın hərbi yumruğundan ötrü darıxıb. Azərbaycanın səbri ilə oynamaq ermənilərə baha başa gələr".