Trampın seçkilərdə qalib olmaq şansı yüksəkdir - ŞƏRH

Kamala Harrisin ABŞ cəmiyyətində qıcıq doğuran açıqlamaları var. O, Trampla mübarizədə duruş gətirə bilməyəcək

  ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçiləcəyi təqdirdə, hazırkı dövlət katibi Antoni Blinken, müdafiə naziri Lloyd Ostin və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivanı vəzifələrindən uzaqlaşdıracaq. “Wall Street Journal” qəzeti yazıb ki, bu məsələnin reallaşmasında əsas rolu Barak Obamanın dövründə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş Filip Qordon oynayacaq. Hazırda Kamala Harrisin komandasında yer alan Qordon əvvəllər Ağ Evdə Yaxın Şərq məsələləri üzrə müşavir vəzifəsində çalışıb. Məqalədə o da qeyd edilib ki, Filip Qordon Suriyada Bəşər Əsəd əleyhdarları olan döyüşçülərin silahlandırılması planına qarşı olması ilə yadda qalıb. Qeyd edək ki, ABŞ-də Prezident seçkisi noyabrın 5-də keçiriləcək. Əsas şanslı namizəd Donald Tramp göstərilir. Xüsusən, Trampa qarşı sui-qəsd cəhdi və ən güclü rəqibi C.Baydenin yarışdan çəkilməsi Trampın seçilmə şansını daha da artırıb.
  Politoloq Turab Rzayev də "Sherg.az"a deyib ki, prezidentliyə namizəd Donald Trampın seçkilərdə qalib olmaq şansı yüksəkdir. Ekspertin sözlərinə görə, Co Baydenin geri çəkilməsindən sonra Trampın tərəfdarları öz namizədlərini daha ciddi formada dəstəkləməyə başladılar:

"Belə olan halda Demokrat Partiyası Trampla rəqabət apara biləcək daha güclü namizəd çıxarmalı idilər. Onsuz da Bayden-Tramp debatından sonra demokratların namizədinin Trampla baş edə bilməyəcəyi aydınlaşmışdı. Həm səhhəti yerində deyildi, həm də açıq-aşkar rəqibinə uduzurdu. Ona görə də Baydenə geri çəkilməsi ilə bağlı təzyiqlər əvvəldən var idi. Belə namizədlərdən biri də vitse-prezident Kamala Harris idi. Hazırda yeni namizədin daha yaxşı tanıdılması, imicinin artırılması prosesi getməkdədir. Onunla bağlı yayılan xəbərlər də artıb. Baydenin özü Tramp qarşısında geri çəkildiyi, mübarizəni davam etdirə bilmədiyi halda onun müavini olmuş, Baydenlə birlikdə ad çıxarmış, kütlə tərəfindən o qədər də sevilməyən Kamala Harrisin Tramp qarşısında şansının çox olacağını düşünmürəm. Üstəlik, onun ABŞ cəmiyyətində qıcıq doğuran açıqlamaları var. O, həmin çıxışları ilə yadda qalıb. Ona görə də Kamala Harrisin Trampla mübarizədə davam gətirəcəyi inandırıcı deyil”.