Görünən odur ki, Ermənistanın arxasındakı ağıl mərkəzləri İrəvanı tələsməməyi tövsiyyə edirlər
Amma güc və potensial etibarı ilə Ermənistanın alternativi yoxdur. Sülh sazişinin imzalanması qaçılmaz görünür. Ancaq nə zaman olacaq?
Ermənistan hökumətinin sülhlə bağlı ritorikası dəyişir. Bir-iki ay əvvələ kimi davamlı sülh açıqlamarı verən, "İrəvan sazişə imza atmağa hazırdır" deyən Paşinyan hakimiyyəti hiss olunacaq dərəcədə geri çəkilib. Üstəlik, Ermənistan açıq-aşkar silahlanmaqda və hərbi təlimlərlə regionu gərginləşdirməyə davam etməkdədir.
Bu azmış kimi son günlər şərti sərhədlərdə erməni silahlılarının təxribatları da artmaqdadır. Xatırladaq ki, bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tbilisidə gürcüstanlı həmkarı ilə keçirdiyi görüşdə Azərbaycanı ittiham edib. Bildirib ki, guya rəsmi Bakı sülh sazişinin imzalanması prosesini uzatmaq üçün süni maneələr yaradır. Mirzoyan ölkəsinin Azərbaycana verdiyi təkliflərin “konstruktiv və şəffaf” olduğunu iddia edib. Sülh sazişinin bir ay ərzində imzalana biləcəyini də proqnozlaşdırıb. Sülhlə bağlı ilk təklifləri rəsmi Bakı irəli sürüb. Ermənistan isə bu təkliflərə cavabları gecikdirmək, yaxud reallaşması mümkün olmayan iddialarla çıxış edib. Tez-tez sülhdən dəm vuran Ermənistan hakimiyyəti konstitusiya ilə bağlı haqlı tələbi həll etməkdə acizlik göstərir. Halbuki, bu ayın əvvəlində Prezident İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib ki, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin mətni, əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdırmaq olar. O əlavə edib ki, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”. Bu, rəsmi Bakının qəti şərtidir. Çünki əsas qanun dövlətin mahiyyətinin, keyfiyyətinin, beynəlxalq normalara əməl etməsinin göstəricisidir. Ermənistanla birbaşa və ikitərəfli görüşlərlə bağlı təkliflərin müəllifi də rəsmi Bakıdır. Bunların real nəticəsi olaraq iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində real addım da atılıb. Ancaq rəsmi İrəvan yenə prosesi tormozlayır. Qeyd edək ki, iyulun 28-də Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Laçın rayonu istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan növbəti pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb. Narahatedici məqamlardan biri də Ermənistanın Fransa, ABŞ, Avropa İttifaqı, İran, Hindistan və s. ölkələrlə hərbi əməkdaşlığı, sürətlə silahlanmasıdır.
Sülh prosesi ətrafında cərəyan edən proseslər "Sherg.az"-a dəyərləndirən Xəzər Universitetinin Tarix və arexologiya departamentinin müdiri, tarix elmləri doktoru Telman Nüsrətoğlu deyib ki, hazırki mərhələdə Ermənistan regional əhəmiyyət daşıyan və bölgə siyasətində təsirli rola sahib olan bir oyunçu deyil".
Siyasi şərhçi bildirib ki, Ermənistan sadəcə Azərbaycana, regionda güclənən türk gücünə qarşı bir neçə geosiyasi mərkəzin, qlobal iddiaları olan mərkəzin əlində təzyiq ünsürü olaraq istifadə edilir: "Fransanın, ABŞ-nin Ermənistanı himayə etməsi, dəstəkləməsi və İran-Ermənistan siyasəti İrəvandan alət kimi istifadə edərək Azərbaycana təzyiq göstərmək, prosesi alver predmetinə çevirmək məsələsində nəyəsə nail olmağa xidmət edir. Artıq qatar çoxdan gedib. Cənubi Qafqazda yeni geosiyasi vəziyyət əmələ gəlib. Nə demoqrafik, nə hərbi, nə siyasi baxımdan Ermənistanla Azərbaycanı müqayisə etmək mümkündür. Hər hansı eskalasiya zamanı Ermənistanı Azərbaycan Ordusu qarşısında biabırçı məğlubiyyət gözləyir. Sülh sazişi imkanları olsa da, cənab Prezidentin də ifadə etdiyi kimi nikbinlik azalmaqdadır. Çünki Ermənistanın daxilindəki vəziyyət və erməni dövlətçiliyinin və müstəqilliyinin kövrək xarakter alması, daha çox xarici təsirlərə məruz qalması sülhün daha tez əldə olunmasında problemlər yaradır. Azərbaycan onsuz da sülh sazişində səmimi, ardıcıl, sistematik fəaliyyətini davam etdirir. Amma Ermənistanın konstitusiyası dəyişməlidir. Minsk qrupunun ləğv edilməsi ilə bağlı cənab Prezidentin də ifadə etdiyi kimi birgə müraciət olmalıdır. Əgər doğrudanda Ermənistan hökumətinin revanşist meyilləri yoxdursa, sülhlə bağlı səmimi olmalıdır. Çünki münaqişə artıq bitib".
T.Nüsrətoğlu vurğulayıb ki, görünən odur ki, Ermənistanın arxasındakı ağıl mərkəzləri, xüsusən Minsk qrupunun ləğvi ilə bağlı Ermənistana tələsməməyi tövsiyyə edirlər: "Bu da ayrı bir problemdir. Digər problem isə Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhliz məsələsində geosiyasi maraqlar toqquşur. Qərb istəyir ki, Zəngəzur dəhlizində Rusiyanın qüvvələri olmasın. Çünki Ermənistan Rusiya qarşısında öhdəlik götürmüşdü. Rusiya isə Zəngəzur dəhlizi və Ermənistan üzərində maraqlarının təmin edilməməsi şəraitində sülh sazişinin imzalanmasını istəmir. Yəni Ermənistanın daha çox Qərbə yaxınlaşmasını, münaqişə vəziyyətinin ortadan qaldırılması ilə birlikdə tamamən Rusiyadan qopmasını istəmir. Belə bir layihə var. ABŞ və Qərb dünyası Ermənistanı Rusiyadan qoparmağa, təsirini azaltmağa çalışır".
Politoloq bəyan edib ki, Ermənistan əgər Qərbə inteqrasiya etmək istəyirsə, Türkiyə və Azərbaycanla normallaşma siyasətinə getməkdən başqa çarəsi, çıxış yolu yoxdur: "Çünki coğrafi məsələ bunu zəruri edir. İran da yeni dönəmdə anti-türk, anti-Azərbaycan ritorikası ilə yola davam edə bilməyəcəyinin, bunun İran üçün nə qədər problem yaradacağının fərqindədir. Bu məsələdə də Ermənistanın çıxış yolu qalmır. Biz istəyirik ki, İran-Azərbaycan-Türkiyə platforması formalaşsın, daha doğrusu üçlü dialoq qurulsun, regional siyasət ortaya qoyulsun. Yəni alternativlərimiz çoxdur. Amma güc və potensial etibarı ilə Ermənistanın alternativi yoxdur. Sülh sazişinin imzalanması qaçılmaz görünür. Ancaq nə zaman olacaq? Ola bilsin, COP 29-a qədər çərçivə sazişi imzalana bilər. Qərblə Rusiya arasında yanaşma fərqi var. Azərbaycan sülh sazişinin imzalanmasını istəyir, ortaya səmimi, sistematik, prinsipial mövqe qoyur. Seçim Ermənistanındır".