Politoloq: Azərbaycan tərəfi hər zaman çalışıb ki, İranla münasibətlər normal olsun

Pezeşkian bu gün and içəcək, biz də oradayıq
  
 
 Bu gün  İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi keçiriləcək. Yeni prezidentin andiçmə mərasiminin qərargah rəhbəri Əlirza Şərifi deyib ki, müxtəlif ölkələrin 70-dən çox nümayəndəsi İranın 9-cu Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana gəlib. Bildirilib ki, ilk gələn qonaqlar arasında Nigeriya, Monqolustan, Malta və Liviyadan olan rəsmilər var. İyulun 30-da Pezeşkianın andiçmə mərasimində iştirak məqsədilə daha çox xarici nümayəndənin Tehrana gələcəyi deyilir. Qeyd edək ki, Məsud Pezeşkianın rəsmi andiçmə mərasimi ölkə rəsmiləri, xarici ölkələrin səfirləri və xarici diplomatların iştirakı ilə parlamentdə keçiriləcək. Andiçmədə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək. Azərbaycanı andiçmə mərasimində Baş nazir Əli Əsədov və Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvlərinin təmsil edəcəyi deyilir. Məlum olduğu kimi mərhum Prezident İbrahim Rəisinin dövründə Azərbaycan-İran münasibətləri kifayət qədər gərginləşmişdi. Son dönəmlər Bakı-Tehran arasında buzlar əriməyə doğru gedir. Xüsusən, azərbaycanlı Məsud Pezeşkianın prezident seçilməsi və Tehran səfirliyinin fəaliyyətə başlaması ikili əlaqələrin normallaşacağı ehtimalını artırır.

 Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan tərəfi hər zaman çalışıb ki, İranla münasibətlər normal olsun və heç bir problem yaşanmasın. Analitik vurğulayıb ki, münasibətlər hər zaman İran tərəfindən pozulub: 

"Hətta İran tərəfindən ikili əlaqələrimizə xələl gətiriləndə, Tehran İrəvanı dəstəkləyəndə, silahlandıranda belə çalışmışıq ki, əlaqələri mümkün qədər normallaşdıraq. Azərbaycan rəhbərliyi, digər yüksəkranqlı rəsmilər İranla münasibətləri dəyərləndiriblər. İran prezidentini Azərbaycana dəvət etdik. Prezident İlham Əliyev özü İrana səfərə gedəcəyini bildirdi. İndi də yüksək səviyyədə Pezeşkianın andiçmə mərasimində təmsil olunuruq. Tehran hökumətinin ardıcıl olaraq Azərbaycanı təhdid etməsi, Zəngəzur dəhlizinə qarşı çıxması münasibətləri pozmuşdu. Əgər İran tərəfi də əlaqələrin yaxşı olmasında maraqlı və səmimidirsə, pozucu addımlardan, təxribatçı açıqlamalardan əl çəkməlidir".
 
Ekspertə görə, İran Pezeşkianı irəli sürməklə liberal, demokrat, islahatçı hakimiyyət vitrini formalaşdırır: 
"Pezeşkianın iddia etdiyi kimi, qonşularla, daha doğrusu, Azərbaycanla əməkdaşlıqda üzərinə düşəni edərsə, münasibətlər normallaşar. Əfsuslar ki, biz İranda prezidentlərin Azərbaycan əleyhinə açıqlamasını görmüşük. Tehran hökuməti dəfələrlə Bakının mövqeyinə zidd yanaşmalar ortaya qoyub. Bu şəkildə davam edərsə, münasibətlər pozula, yenidən pisləşə bilər".