Canlı yayımda səsləndirilən ermənipərəst fikirlər, sadəcə, həmin aparıcının şəxsi rəyi deyildi
Fransada keçirilən "Paris-2024" Yay Olimpiya Oyunları çərçivəsində dünya idman tarixinin ən üzücü və xoşagəlməz hadisələri yaşandı. Açılış mərasimində baş verənlər Fransanın tamamilə siyasi maraqlarının, prinsiplərinin təbliği idi. Halbuki olimpiada özlüyündə sülh, həmrəylik, sevgi kimi böyük dəyərləri birləşdirməlidir. Oyunları şərh edən "France 2" kanalının şərhçisinin Azərbaycanla bağlı dedikləri birbaşa təxribat xarakteri daşıyırdı. İdman bunu qəbul etmir. Eyni zamanda xristianların təhqir olunması, cinsi azlıqların təbliği kimi detallar dünya idman tarixinə böyük bir ləkədir. Fransanın təşkilatçılıqla bağlı da ciddi problemləri var. Bütün bunlar yarışların çox çətin, problemli keçəcəyindən xəbər verir. Açılış mərasimi həm texniki, həm də yaradıcı tərəfdən çox uğursuz oldu. Bunların fonunda bəzi çağırışlar, mesajlar, təhqirlərin mövcud olması vəziyyəti daha da gərginləşdirir. Fransa böyük bir fiasko ilə üz-üzədir. Olimpiya kəndindən dayanmadan şikayətlər edilir. Yemək, yataqla bağlı problemlərin olması idman zallarının uzaqda yerləşməsi idmançılar üçün ciddi problem yaradır. Ən başlıca məsələlərdən biri də təhlükəsizliklə bağlıdır. Ekspertlərin fikrincə, Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələri hadisəyə dərhal reaksiya verməlidir. Çünki olimpiya oyunlarını riskə atırlar. Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının açılışında Azərbaycana qarşı qərəz nümayiş etdirilib. Belə ki, tədbirin açılış mərasimini yayımlayan Fransanın "Fr2" telekanalının efirində aparıcı Ermənistan oyunçuları keçərkən "Ermənistan, bizim erməni dostlarımız, tarixən fransızların qəlbinə yaxın olan ölkə. Erməni xalqı üçün Dağlıq Qarabağın Azərbaycan ordusu tərəfindən süqutu ilə əlamətdar bir il oldu" ifadələrini işlədib, Azərbaycan komandası keçəndə isə ölkə “Ərazi məsələsində Ermənistanla toqquşan Qafqaz respublikası” kimi təqdim edib.
Millət vəkili Sahib Aliyev "Sherg.az"a deyib ki, “France 2” ictimai televiziyasının aparıcısının Azərbaycanla Ermənistan komandalarını təqdim edərkən, ayrı-seçkiliyə yol verməsi, dövlətimizə böhtan atması, beynəlxalq hüquqa zidd bəyanatlar səsləndirməsi Olimpiya dəyərlərinin alt-üst olması deməkdir. Deputatın sözlərinə görə, bu təxribat daxili məsələ sayıla bilməz:
"Təxribatın öncədən planlaşdırıldığı və arxasında Yelisey sarayındakıların durduğu şübhəsizdir. Yelisey sarayının ən üzdə olan təmsilçiləri öz həyat tərzlərini aqressivcəsinə təbliğ edirlər. Onlar oturub düşünməlidirlər ki, makronçuluq, sejurençilik ölkələrinə hansı gələcək vəd edir. Olimpiadada ayrı-seçkiliyə yol vermək, geosiyasi maraqlardan çıxış etmək isə idman ənənələrinə ziddir. Beynəlxalq Olimpiya Komitəsi bununla bağlı öz mövqeyini bildirməlidir. Olimpiadanın açılışı zamanı bayrağın tərsinə asılmasının heç də səbəbsiz olmadığı az sonra üzə çıxdı. Söhbət sadəcə İsa peyğəmbərlə həvarilərinin sonuncu gizli şam yeməklərinin Makron komandasının eyş-işrət məclisi kimi təqdim edilməsindən, sejurneçiliyin aqressiv təbliğindən, dindarların hisslərinin təhqir olunmasından getmir. Fransa yepiskoplarının dedikləri kimi, o səhnə sadəcə xristianlığın lağa qoyulması deyildi, Fransanın necə rəzil vəziyyətdə olduğunun, hər baxımdan deqradasiyasının sərgilənməsi idi. Bax, bu, fransızların daxili məsələsidir, özləri bilərlər...".
Politoloq Əlisahib Hüseynov da "Sherg.az"a deyib ki, Olimpiya Oyunlarının açılış mərasimində növbəti dəfə Fransanın erməni üzünü gördük. Analitikə görə, canlı yayımda səsləndirilən ermənipərəst fikirlər, sadəcə, həmin aparıcının şəxsi rəyi deyildi:
"Fransız aparıcının səsləndirdiyi təxribatçı fikirlər, əslində, ermənipərəst Fransa hökumətinin mövqeyi idi, birbaşa Makronun özünün mövqeyi idi. Aparıcının ermənipərəstliyi ilə Emmanuel Makronun erməni heyranlığının arasında heç bir fərqi yox idi. Bu gün Fransa dövlətinin və prezidentinin anti-Azərbaycan mövqeyi fransız mediasında təzahür edir. Fransa telekanalının aparıcısı siyasəti Olimpiya prinsiplərindən önə keçirərək açıq-aşkar qərəzlilik nümayiş etdirdi və dünyamiqyaslı idman tədbirini ermənilərin xeyrinə siyasiləşdirməyə cəhd göstərdi. Biz bu təxribatı qəti şəkildə pisləyirik və Beynəlxalq Olimpiya Komitəsini (BOK) "France 2" telekanalının yol verdiyi təxribata adekvat reaksiya verməyə çağırırıq. Fransanın Olimpiada kimi qlobal idman tədbirini özünün geosiyasi maraqlarının alətinə çevirməsinə göz yumulmamalıdır".