Əməkdar artist Elza Seyidcahanın növbədənkənar parlament seçkiləri üçün namizədliyi qeydə alınıb.
Azərbaycan bəstəkarı, müğənni, I dərəcəli vokalist, Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan və Qırğızıstan Bəstəkarlar İttifaqlarının üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Elza Seyidcahan “Sherg.az”a bildirib ki, artıq 3-cü dəfədir ki, seçkilərə qatılır:
- Namizədliyimi 23 saylı Nəsimi-Səbail seçki dairəsindən irəli sürmüşəm. Özüm də Nəsimi-Səbail rayonunun sakiniyəm. İmza toplayan ərəfədə də insanlarla görüşdən və ünsiyyətdən çox məmnun qaldım. Əslində əvvəl düşünürdüm ki, bəlkə lazım deyil. Ancaq nə yaxşı ki, seçkiyə qatıldım, deyirəm. Doğurdan da bu Allahın qismətidir. Layiqli namizədlərə və özümə uğurlar arzu edirəm. Sizə təşəkkür edirəm ki, yazıb işıqlandırırsınız. İnşallah xoş xəbərlər eşidərik. İmza toplayan ərəfədə çəkinirdim ki, məni birdən başqa cür qarşılayarlar. Hətta elə ailələrlə qarşılaşdım ki, məni evlərinə dəvət etmələri, çay və yemək ikram etmələri yaxşı mənada heyran etdi. İnsanlar təəccüblənirdilər ki, əməkdar artist və tanınmışam, ancaq imzanı özüm toplayıram. Qeyd etdim ki, nəinki bəstəkarlığımda və müğənniliyimdə, hətta millət vəkilliyimdə də öz missiyamı layiqincə yerinə yetirməliyəm. Düşündüm ki, insanlarla birinci özüm görüşsəm daha yaxşı olar. Doğurdan da bu çox gözəl oldu. Vətəndaşlar bildirdi ki, sadəsiniz və imza toplamaq üçün qapımıza özünüz gəlmisiniz . Ona görə də biz sizin üçün imza veririk. Hətta qeyd etdilər ki, bir çox namizədləri görmədik, sadəcə imza üçün nümayəndələri gəlmişdi. İmza verən insanların sözü o oldu ki, "Elza xanım, inanırıq ki, siz seçilsəniz bizlərin problemlərinə biganə qalmayacaqsınız”.