Gecikmiş cavab zərbəsi Kremli qorxuya salıb: Moskvaya "soyuq duş effekti" 

Ukraynanın Rusiya ərazisində xüsusi hərbi əməliyyatı Moskva üçün "soyuq duş effekti" yaradıb

“Kiyev əməliyyatla bir neçə məqsədə nail olmağa çalışır. Rusiyanı danışıqlar masasında güzəştə məcbur etmək istəyir, rus qoşunlarının Ukrayna ərazisində möhkəmlənməsinin qarşısını alır"

  Kursk vilayətində vəziyyət ağırdır. Bunu Kursk vilayətinin qubernatoru vəzifələrini icra edən Aleksey Smirnov Vladimir Putinə məruzəsində deyib. Onun sözlərinə görə, Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Ukraynalı hərbi analitik Pavel Narojnı deyib ki, əməliyyat 12 günə qədər davam edə bilər. O qeyd edib ki, Ukrayna qoşunları kifayət qədər sürətlə irəliləyirdi, baxmayaraq ki, indi temp aşağı düşüb, çünki bəzi ərazilərdə istehkamlar tikilməyə başlayıb: “Ukrayna ordusu bu ərazini bacardığı qədər saxlayacaq, çünki bizim ehtiyatlarımız çox deyil. Kursk əməliyyatının rəsmi vəzifəsini bilmirik, lakin göründüyü kimi, söhbət rus qoşunlarını müxtəlif istiqamətlərdən, xüsusən də Xarkov və Donetsk vilayətindən geri çəkməkdən gedir. Rusiya Krımdan və Xarkov vilayətindən bölmələri Kurska ötürür”. Narojnı qeyd edib ki, artıq ruslar əraziyə ciddi texnikanı daşımağa başlayıblar. Bundestaqın deputatı, Almaniya parlamentindəki Sol Partiya qrupunun sədri Soren Pellman deyib ki, II Dünya müharibəsinin bitməsindən sonra ilk dəfə olaraq alman tankları Rusiya torpaqlarında yenidən istifadə edilib”. Pellmanın fikrincə, Berlin Ukraynaya silah verməklə Almaniyanı münaqişənin bataqlığına getdikcə daha çox sürükləyir. ABŞ-nin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, əgər Vladimir Putin Kursk bölgəsindəki vəziyyətdən bu qədər narahat olursa, Ukraynaya qarşı müharibəni dayandıra bilər. Kirbi bildirib ki, Ukrayna ordusunun Kursk bölgəsinə hücumunun guya Qərb tərəfindən koordinasiya edildiyinə dair Rusiya rəsmilərinin son açıqlamaları “Putin təbliğatı”dır: “Ukraynada döyüşən yeganə insanlar ruslardır. Ukraynanı işğal edən onlardır və Ukrayna özünü təcavüzdən qoruyur. Bu, Putinin Ukraynaya qarşı müharibəsidir. Və əgər nədənsə narahatdırsa, nəsə onu qane etmirsə, o zaman çox sadə həll yolu var: qoy Ukraynanı tərk edib müharibəni dayandırsın”. Ukraynalı hərbi ekspert İvan Stupak bildirib ki, Belarus Rusiyanın Kursk vilayətindən ukraynalı hərbçiləri geri çəkilməyə məcbur etmək üçün qoşunlarını Ukrayna ilə sərhədə gətirməyə başlayıb: "Əminəm ki, Kreml indi Kurskla bağlı vəziyyəti onlarda olan qüvvələrlə idarə edə bilməyəcəklərini başa düşür. Başqa istiqamətlərdən insanların, texnikanın, sursatların köçürülməsi artıq həyata keçirilir və bu, həmin istiqamətlərdə onlara mənfi təsir göstərə bilər. Ona görə də yəqin ki, belə qərar verilib: Belarusu - Lukaşenkonu bu oyuna qaytarsınlar, o da Ukraynaya cavab olaraq vəziyyəti gərginləşdirməyə başlasın, sərhəddə - Qomel, Mozel - Çerniqov, Kiyev vilayətlərində qoşunların sayını artırsın". Stupakın sözlərinə görə, bu yolla rus hərbçilər Ukrayna komandanlığını gərgin rejimdə saxlamağa çalışırlar: "Düşünürəm ki, bu, blefdir, ilk kim gözünü qırpacaq oyunudur. Belarus Ukrayna ərazisinə hücum etmək fikrində deyil, bu, improvizasiyadır, tamaşadır ki, Baş Qərargahımız qoşunlarını çəksin".
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ukraynanın Rusiyanın ərazisinə hərbi əməliyyatları keçirməsi, müharibənin gedişini dəyişib. Ekspertin sözlərinə görə, Qərbin razılığı və hərbi dəstəyi fonunda Kiyev iki ildən sonra müharibəni Rusiya ərazisinə keçirə bildi:

"Qərb belə bir əməliyyata ona görə razılıq verdi ki, faktiki Ukrayna ərazisində Rusiya güclü müdafiə istehkam səddi quraraq Ukrayna qoşunlarının hücumlarını durdura bilir. Kursk və ətrafında əməliyyatlar uğurlu davam edərsə, Ukrayna qoşunları Rusiya ərazisindən Donbas və Xarkovda rus qoşunlarına arxadan hücum edə bilər. Bu uğurlu hərbi əməliyyatların davam etməsi Rusiya üçün çətin olacaq. Rusiya çalışacaq ki, Belarusu Ukraynaya müharibəyə sövq etsin. Belarus prezidenti bu addıma getmək istəmir. Çünki ordusu məğlub ola bilər. Belarusla sərhəddə Qərbin elit xüsusi dəstələri dayanıb. Həmin hücumda Belarus qoşunları güclü müqavimətlə qarşılana bilər. Həmçinin Belarus Ukraynaya qoşun yeritsə, Polşa Belarusa hücum edər. Ona görə də Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvanın aktiv hərbi oyununda iştirak etmək istəmir. Ukrayna Kursk vilayətinin böyük bir ərazisini, onlarla şəhərini və kəndlərini nəzarətə alıb".
  Analitikin fikrincə, Ukrayna hərbi siyasi rəhbərliyinin bu əməliyyat planı Rusiyaya gecikmiş cavab zərbəsidir: "Ukraynanın Rusiya ərazisinə xüsusi hərbi əməliyyatı Moskva üçün "soyuq duş effekti" yaradıb. Belə bir əməliyyatı Kremldə gözləmirdilər. Rusiyanın yeni müdafiə naziri Belusov çətin sınaqlarla üz-üzədir. Hazırda həm psixoloji, həm də hərbi baxımdan üstünlük Ukrayna tərəfinə keçib. Bu da Ukrayna ordusunun psixoloji durumuna və döyüş qabiliyyətinə müsbət təsir göstərir. Onlarla Rusiya hərbçisinin əsir götürülməsi göstərir ki, Ukrayna hərbçiləri, rus hərbçilərindən çevik və döyüş hazırlığına malikdir. Kiyev əməliyyatla bir neçə məqsədə nail olmağa çalışır. Rusiyanı danışıqlar masasında güzəştə məcbur etmək istəyir, rus qoşunlarının Ukrayna ərazisində möhkəmlənməsinin qarşısını alır".