Tofiq Zülfüqarov: Sülh sazişini imzalamağa illər lazım olacaq

Əsas prinsiplərin əks olunduğu sənəd daha çox bəyanat şəklində ola bilər

Sərhədlərin delimitasiya və demarkasiya prosesi də uzun müddət alacaq

 “Fransanın bizə təzyiq göstərmək imkanları yoxdur. Əslində, tərəflər arasında ikili danışıqları davam etdirmək üçün geniş imkanlar var”


  Azərbaycan tərəfi sülh müqaviləsinə Ermənistan konstitusiyasında və digər hüquqi aktlarda yer alan ərazi iddialarının əngəl olduğunu bəyan edib. Bu dəyişiklik olmayınca sülhün mümkünsüzlüyü qeyd edilib. Ermənistan isə Azərbaycanın konstitusiya tələbini qəbul etməyəcəyini rəsmi şəkildə bildirib. Daha doğrusu, prosesi 2026-27-ci ilədək uzadıb. Ermənistan Xarici İşlər Nazirliyi bildirib ki, Konstitusiyaya dəyişikliklər prosesi Ermənistanın daxili işidir və Bakının tələbi üzərinə bunu etməyəcəklər. O baxımdan hesab edilir ki, sülh sazişi ilə bağlı hər hansı sənəd, niyyət protokolu, çərçivə sazişinin imzalanması ən azı 2-3 il müddətinə uzana bilər. Lakin çıxış üçün başqa yol təklif edənlər də var. Bəzi ekspertlərə görə, Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarını fərqli formada həll etmək mümkündür. Onların qənaətincə, imzalanacaq sənədə “Ermənistan konstitusiyasında ərazi iddialarının sıradan çıxarılması təmin edilsin” kimi bir müddəa əlavə edilə bilər. Sözsüz ki, bu ehtimal variant da sual altındadır. Digər məqam isə odur ki, sülh danışıqlarının indiki mərhələsində ermənilər və onların havadarları "Qarabağdan köçmüş ermənilərin geri qayıtması" məsələsini qabardırlar. Ötənlərdə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da bildirib ki, tam beynəlxalq zəmanətlə “Artsax xalqının” geri qayıtmaq hüququ danışıqların gündəliyinə daxil edilməlidir. Qeyd edək ki, Avropa İttifaqının təmsilçisi Toivo Klaar da bənzər iddia ilə çıxış etmişdi. 
  
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a deyib ki, Yekun sülh sazişini əldə etmək üçün uzun müddət, aylar, bəlkə də illər lazımdır. Sərhədlərin delimitasiya və demarkasiya prosesi də illər çəkəcək. Keçmiş XİN başçısı qeyd edib ki, kommunikasiyaların açılması mövzusunu texniki baxımdan həll etmək üçün də aylar tələb olunur: 
"Ona görə də hazırda ilkin sülh müqaviləsindən, əsas prinsiplərin əks olunduğu bir sənədə imza atılmasından gedir. Bu, daha çox bəyanat şəklində ola bilər. Dövlət başçısı da bəyan edib ki, ümumi sənədin 80-90 faizi artıq razılaşdırılıb. Ermənistan bəzi məsələlərdən boyun qaçırmaq istəyir, konstitusiya dəyişikliyinə getməyə tələsmir. Söhbət sülh sənədinin imzalanacağı tarixədək konstitusiyanın dəyişdirilməsindən də getmir. Amma İrəvan üzərinə öhdəlik götürməlidir, siyasi-iqtisadi məsuliyyətini dərk etməlidir. Çünki münaqişəni başlayan insanlar hələ sağdır, siyasi arenadan getməyiblər, bizə qarşı hərbi-siyasi bəyanatlar verirlər. İşğalı təşkil və icra edən ermənilər nəinki hüquqi baxımdan cavab verməyiblər, heç siyasi məsuliyyət də daşımırlar. Bu məsələlər öz həllini tapmasa, sülhə necə gedə bilərik? Heç olmasa, ilkin sənəddə bu məqamlar, öhdəliklər öz əksini tapmalıdır". 

  T.Zülfüqarov vurğulayıb ki, Paşinyan bəzən sülhlə bağlı bəyanatlar verir, iki-üç gün keçməmiş bəyanatlar dəyişilir: 
"Yaxud siyasi elitanın digər nümayəndələri tam əksinə, ziddinə bəyanatlar səsləndirirlər. Paşinyan getdi, yerinə başqası gəldi. Deməli, sülh prosesini bir günün içində əksinə çevirmək olar. Təbii ki, Azərbaycan bunu istəmir. Uzun müddətdən sonra BMT-nin nizamnaməsinə uyğun olaraq öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, işğala son qoymuşuq. Məsələni kökündən həll etmək üçün siyasi məsuliyyət gündəmə gəlməlidir, bunsuz mümkün deyil. Toivo Klaar kimilər çox söz deyə bilərlər. Sabah Paşinyanı əvəzləyəcək birisi də deyəcək ki, "konstitusiyaya görə biz Qarabağı Ermənistana birləşdirmişik". Yaxud, Qarabağa "humanitar məsələ" kimi baxacaqlarını bəyan edəcəklər. Hazırda məntiqə uyğun olmayan bəyanatlar səsləndirirlər və ermənilərin Qarabağa qayıtmasından danışırlar. Bəs azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması necə olmalıdır? Bolşeviklər Azərbaycanın tarixi bölgələrini Ermənistana veriblər. Bu siyasətin nəticəsində Azərbaycan Göyçə gölündən məhrum olub. Bu məsələlərə aydınlıq gətirilməzsə, sülh prosesi təhlükə altındadır. Qərbin bizə təklif etdiyi isə "layiqli sülh" konsepsiyasıdır və tamamilə əsassızdır. "Layiqli sülh" konsepsiyasının mahiyyəti odur ki, Qərb hər iki tərəfin kompramislərə, güzəştlərə getməsini istəyir. Ermənistanın məğlub, uduzan tərəf olması faktını gündəmdən çıxarmağa çalışırlar. Ancaq bu cəhdlər nəticə verməyəcək. Öz maraqlarımızın müdafiəsi üçün Azərbaycanın siyasi-hərbi, iqtisadi imkanları yetərincədir. Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Geopolitik balans birmənalı Azərbaycanın xeyrinə dəyişib və geriyə dönüş olmayacaq".
 
 Sabiq XİN rəhbəri artıq gündəmdən çıxmış beynəlxalq sülh platformaları barədə də danışıb: 
"Azərbaycan xoşniyyətli diplomatik addımlara etirazını bildirmir. Zaman-zaman Qərb ölkələrində şərait yaradılır ki, Ermənistanla üz-üzə müzakirələr aparılsın. Belə söhbətlərdə Fransanın, Avropa Birliyinin, Rusiyanın rəyi bizi maraqlandırmır. Təsəvvür edin, iki qonşu arasında mübahisə yaranıb və qonşulardan biri digər yaxınlarını ora çağırır ki, öz mövqeyini gücləndirsin. Bizə belə formatlar lazım deyil. Azərbaycan öz gücünü yaxşı bilir, müttəfiqlərimiz də hər zaman yanımızdadır. Vaşinqtonda, Brüsseldə, Qazaxıstanda görüşlər baş tutub. Ancaq bunları vasitəçilik kimi dəyərləndirmək olmaz. Məsələn, Vaşinqtonda görüş zamanı dövlət katibi tərəfləri giriş nitqi ilə salamlayır və sonra otağı tərk edir. Danışıqlara birbaşa müdaxilə etmək istəyən dövlət Fransa idi. Azərbaycan da buna imkan vermədi. Fransanın bizə təzyiq göstərmək imkanları yoxdur. Əslində, tərəflər arasında ikili danışıqları davam etdirmək üçün geniş imkanlar var. Qranadaya getməyə ehtiyac yoxdur. Hansı platforma olursa-olsun, Azərbaycanın konkret mövqeyi bəllidir və açıq şəkildə bunu gündəmə gətiririk".