Xamenei ortada hakim rolunu oynayır və tərəflərin cızdığı sərhəddə mübarizə aparmasına çalışır
İran hazırda prezident və hərbi elita arasında siyasi mübarizənin meydanına çevrilib
İranın sabiq xarici işlər naziri, vitse-prezident vəzifəsindən istefa verən Məhəmməd Cavad Zərif atdığı addıma aydınlıq gətirib. Zərif bildirib ki, Prezident Məsud Pezeşkian ona zəng edib və təşəkkürlərini çatdırıb: "Səmimi söhbət etdik. O, İran üçün fəxrlə səs verdiyimiz həmin Pezeşkian idi və mən harada olsam da, həmin əziz, humanist və cəsur insanı və hökumətini dəstəkləyəcəm". Qeyd edək ki, Məhəmməd Cavad Zərif yeni vəzifəsində yalnız 10 gün işlədikdən sonra istefa verib. İstefasına səbəb kimi isə Pezeşkian hökumətinin tərkibi ilə razılaşmadığını göstərib. O, bundan sonra fəaliyyətini universitetdə davam etdirəcəyini bildirib.
Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İranın İsrailə necə cavab verəcəyi ilə bağlı sual hələ də öz aktuallığını qoruyur. Ekspertin sözlərinə görə, SEPAH və ona yaxın olan mühafizəkarlar sərt cavabın verilməsini, Pezeşkian və komandası isə dialoq yolunu təklif edirlər:
"Yeni prezidentin komandasında dialoqu təklif edən qüvvələrin başçısı sabiq vitse-prezident Məhəmməd Cavad Zərif idi. Zərif hələ Həsən Ruhanin dövründə xarici işlər naziri vəzifəsində çalışarkən İranın Qərblə dialoqunu dəstəkləyirdi. Məhz buna görə onun SEPAH-a bağlı Qüds qüvvələrinin komandanı Qasım Süleymani ilə münasibətləri pisləşmişdi. Baş diplomatla generalın münasibətində vəziyyət o həddə çatmışdı ki, ali dini lider Ayətullah Əli Xamenei Prezident Həsən Ruhanidən xarici siyasətlə bağlı məsələləri korrektə etməsini istəmişdi. SEPAH-ın İran daxilində və Yaxın Şərqdə qurduğu geniş biznes imperiyası nəticəsində güclü maliyyə əldə etməsi İrandakı dini rejimin getdikcə öz yerini hərbi rejimə verməsi ilə nəticələnə bilər. Fakt budur ki, artıq kifayət qədər yaşlı olan dini elita nüfuz savaşında hərbiçilərə uduzur. Zərifin təyinatı SEPAH-ın ciddi narazılığına səbəb olmuşdu. Onlara məxsus olan media qurumları keçmiş baş diplomatın dövründə olan hadisələri işıqlandıraraq onu uğursuzluqda ittiham edirdilər. Eyni zamanda Prezident Pezeşkiana da güclü təzyiq edilirdi. Dövlət başçısının bir müddət əvvəl "məni işləməyə qoymurlar " ifadəsi ilə kimə işarə vurduğu da aydın idi".
Analitik vurğulayıb ki, əslində, dini liderə ən başdan Pezeşkianın prezident olması sərf edirdi. Bu yolla o, hərbi elitanı prezidentlə nüfuz savaşına salaraq hər iki tərəfi zəiflətmək və teokratik hakimiyyətin qorunub saxlanmasına nail olmaq istəyirdi:
"Xamenei ortada hakim rolunu oynayır və tərəflərin cızdığı sərhəddə mübarizə aparmasına çalışır. Güc hələ ki, SEPAH-ın əlindədir. İsmayıl Haniyənin öldürülməsi sonrası Pezeşkianın başının İsrailə cavab məsələsinə qarışmasından istifadə edən hərbi elita Zərifi "aradan götürə" bildi. Bu istefa onu göstərir ki, Məsud Pezeşkian İran tarixində səlahiyyətini ən çətin formada icra etmiş prezidentlərdən biri olacaq. Xüsusilə yeni hökumətin qurulması ilə bağlı onu çox böyük çətinliklər gözləyir. Yeni nazirlər içərisində ən diqqətçəkən, Xarici İşlər Nazirliyinə namizəd göstərilən Abbas Əraqçidir. Əraqçi Məhəmməd Cavad Zəriflə yaxın münasibətlərə malikdir, onun vasitəsilə Pezeşkianın komandasına daxil edilmişdi. O da Zərif kimi İranın Çin və Rusiya ilə arasında məsafə qoyması və Qərblə dialoqa başlaması barədə çağırışlar edir. Hazırda SEPAH parlamentdə özünə yaxın deputatlar vasitəsilə Əraqçinin nazirliyinin təsdiqlənməməsinə çalışır. Bu, Pezeşkianın xarici siyasət kursunun tamamilə fiaskoya uğraması ilə nəticələnə bilər. Görünən budur ki, İran hazırda prezident və hərbi elita arasında siyasi mübarizənin meydanına çevrilib".