Baş nazirin sərhəd dirəklərinin maketini şagirdlərə göstərməsinin fərqli anlamı var
“Kənar qüvvələr müdaxilə etməsə, Ermənistanla çox qısa müddətə dil tapa biləcəyik”
Ermənistanın Baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdlərini qəbul edib. Paşinyan şagirdlərə Azərbaycanla sərhəddə yerləşdirilmiş ilk sərhəd dirəyinin maketini göstərib. O, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası barədə danışıb. Baş nazir bildirib ki, sərhəd dövlətin mühüm simvoludur: "Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb".
Tarix boyu azyaşlı erməni uşaqlarına aşılanan - "Azərbaycanın amansız düşmən olması", "türklərin vəhşiliyi, qaniçənliyi" və s. bu kimi absurd iddialar olub. Hətta 1990-cı illərin əvvəllərində minlərlə əsir və girovlarımıza erməni uşaqlarının gözü qarşısında dəhşətli işgəncələr verilib. Erməni şagirdləri, bağça yaşlı uşaqları əsirlərimizi təhqir etməyə sövq ediblər. Çalışıblar ki, dünyaya göz açmış hər erməni uşağının gözündə türklərin düşmən obrazını formalaşdırsınlar. Azyaşlıları bu metodla "tərbiyələndiriblər". O baxımdan ilk dəfə erməni uşaqlarına normal insani münasibətdən, qonşuluq əlaqələrindən, sülhdən danışılması, özü də bunun birbaşa Baş nazir Nikol Paşinyan tərəfindən həyata keçirilməsi olduqca zəruri məsələdir. Böyük ehtimal, İrəvan hakimiyyəti özü də dərk edir ki, etimad mühiti yaradılmadan, daha doğrusu, xəstə erməni təfəkkürü dəyişmədən sülhün möhkəmlənməsi və qonşuluq münasibətlərinin bərqərar olması mürəkkəbdir.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, Paşinyan hakimiyyətə gəldiyi ilk gündən onun mövqeyi, fikri elə olub ki, baş nazir zərərli adam deyil. Ekspertin sözlərinə görə, əksinə, Paşinyan Azərbaycanla münasibətlərin normallaşdırılmasında maraqlıdır:
"Bəzən bu fikirləri səsləndirəndə Azərbaycanda kimlərinsə acığına gəlir. Deyirlər ki, "sən niyə ermənini tərifləyirsən?". Mən az-çox Paşinyanı tanıdığıma, uzun illər onu müşahidə etdiyimə görə bilirdim ki, adam digər ermənilərdən fərqlidir. Yəni Paşinyan həqiqətən istəyir ki, Ermənistanla Azərbaycan, həmçinin erməni milləti ilə türk xalqı arasında normal münasibətlər olsun. Tarixi nağıllardan, əfsanələrdən bezmiş, yorulmuş bir adam olaraq Paşinyan öz millətini normal münasibətlər müstəvisinə çıxarmağa çalışır. 2020-ci ilin 44 günlük müharibəsində də onun davranışları illər sonra daha doğru qiymətləndiriləcək. Paşinyan bilə-bilə ki, qarşısında güclü Azərbaycan var, niyə müharibəyə getdi, niyə o şəraiti yaratdı? Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlmək Ermənistan üçün fəlakət demək idi. Çünki Azərbaycan 1990-cı illərin ölkəsi deyildi. Bütün bunların fonunda Paşinyanın təxribata getməsi, əslində, ermənilərin zəif çiyinlərini "Qarabağ" adlı ağır yükdən birdəfəlik xilas etmək niyyətindən qaynaqlanırdı. Paşinyan açıq şəkildə ermənilərə desəydi ki, "gəlin, Qarabağı Azərbaycana təhvil verək və dinc münasibətlər quraq, normal yaşayaq". Təbii ki, Ermənistanda eyforiya içində olan kəsim buna qətiyyən razı olmayacaqdı. Ona görə də baş nazir erməni millətini gerçəklərlə üz-üzə qoymaqdan başqa çıxış yolunun olmadığını göstərdi. 44 günlük savaş buradan qaynaqlanır".
A.Həsrət diqqətə çatdırıb ki, Paşinyanın özü dəfələrlə uydurma erməni tarixindən, "Dənizdən dənizə Ermənistan" xülyasından, "genosid" nağılından xilas olmağın zərurətindən danışıb: "Baş nazir bəyan edirdi ki, xalq real Ermənistan Respublikasının aqibətini, taleyini düşünməlidir. İllər sonra Ermənistan rəhbərliyinin Azərbaycanla ilk dəfə və rəsmən müəyyənləşmiş sərhəd dirəklərini şagirdlərə göstərməsi də bu məqsədə xidmət edir. Ermənistan dövləti artıq mövcuddur, tarixdə bu və ya digər formada erməni milləti də olub. Amma onların dövlətinin sərhədləri heç vaxt qonşu dövlətlər tərəfindən tanınmayıb. Paşinyan ona görə sərhəd dirəklərinin maketini şagirdlərə bəh-bəhlə göstərir. İllər sonra dövlətin suverenliyini təsdiq edən dirəyin basdırılması ermənilər üçün çox şey ifadə edir. Əlbəttə, bu, başlanğıcdır və uğurlu şəkildə sona çatdırmaq lazımdır. Mən bunu müsbət tendensiya kimi dəyərləndirirəm. Kənar qüvvələr müdaxilə etməsə, Ermənistanla çox qısa müddətə dil tapa biləcəyik".