Terrorçu zehniyyətə sahib məxluqlar daha da fəallaşacaqlar
Beş-altı siyasətçi, jurnalist, ilahiyyatçının səyləri ilə iş çözülməz
“İctimai institutlarımız, media şəbəkəmiz, ideoloji qurumlarımız, ictimai xadimlərimiz bu dünyəvi dövləti qoruma savaşının ön cinahına yerləşməlidir”
"Son günlər bəzi internet televiziyaları İran terrorçu şəbəkəsinin ruporuna çevrilib. Terrorçulara layiq olduqları cəza veriləndən sonra onların qadınlarının da yalan və böhtanlarını tirajlamağa başlayıblar". Bu barədə millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa deyib. Deputat bildirib ki, savadsız deyib keçməyin, bu qadınlar da eyni İran ağzı ilə Azərbaycan cəmiyyətinə terrorçuların məsum obrazını sırımağa çalışırlar: "Məsələn, hər iki militan qadın reportajda vurğulayır ki, bəs Fazil Mustafa hicablı qadınları qara qarğaya bənzədib. Üstəlik, bunların başqa ölkəyə "din" adı ilə xidmət etmək şəriətini də təhqir edib. Harada deyib, hansı mənbədə var, dəxli yoxdur, xeyli başıboş inanacaqsa, bu, kifayətdir. Halbuki öz həyat yoldaşı hicablı olan bir inanclı şəxs bu ifadələri necə işlədə bilər? Mənim çıxışlarımda ancaq bu ifadələri tapa bilərlər: - başqa ölkənin maraqlarına xidmət edən, din pərdəsi altında erməni-fars sisteminə tulalıq edən hər kəs bu dövləti, milləti sevənlər üçün nəinki qara qarğa, qara bayquşdur. Həm də şərəfsiz Vətən xainidir. İrandan aldıqları 30 min dollar müqabilində şəxsimə qarşı terroru törədərkən də bizə erməni-fars ağalarının mesajını çatdırmaq istəyiblər. Demək istəyiblər ki, "Tehranda səfirliyinizin ardınca Bakıda da sizə gücümüzü göstərə bilərik". Az-çox hüquqi savadı olan insanlar bilirlər ki, siyasi zəmində baş verən terrorla, şəxsi zəmində baş verən qətl hadisəsinin təhlükəlilik dərəcəsi çox fərlidir. İndi də ictimai rəyi azdırmaq üçün belə bir tezis irəli sürürlər ki, bəs ortada ölüm yoxdursa, bu qədər ağır cəza verilməz".
F.Mustafa vurğulayıb ki, terrorçu qatillər onu öldürmək üçün hər şeyi ediblər. Sadəcə, Allah onun ölümünün Vətən xainlərinin əli ilə olmasını istəməyib: "Təsəvvür edin, hansısa terrorçu metronu partladır ki, kütləvi insan ölümü olsun. Ancaq təsadüfən kimsə ölmür, o halda məgər terrorçunu bağışlayırlar ki, ortada ölüm yoxdur? Diqqətlə izləsəniz görəcəksiniz ki, 10-15 dəfə qonşu ölkəyə səyahət edərək xüsusi təlim keçmiş bu terrorçuların ailə üzvləri də eyni məktəbin məzunları kimi danışırlar. Bunların terrora haqq qazandıran tezislərinə diqqət yetirin: - "Bunu İmam Hüseynə görə ediblər". Bu xurafatçı məxluqlar İmam Hüseynə də böhtan atırlar. İmam Hüseyn kimi İslam dünyasının ən imanlı şəxsiyyətlərindən biri guya bunlara deyib ki, gedin sözü, fikri xoşunuza gəlməyən, Ramazan ayında oruc tutan müsəlmanı öldürün. Bunların nifrəti də, qatilliyi də ancaq müsəlmanlara yönəlir. Ardınca da “Səhər” kanalının üflədiyi yalanı yeridirlər ki, guya Azərbaycanda şəhid ailələrinə, qazilərə "əzab verirlər". Halbuki Vətən savaşından sonra ən çox qayğı göstərilən, müavinət və mənzillə təmin olunan məhz bu təbəqədir".
Parlament üzvü qeyd edib ki, bu adamları cəsarətləndirən bir çox hallarda bizim cəmiyyətin ictimai institutlarının, ictimai xadimlərin cəsarətsizliyidir: "Dünyəvi dövləti qorumaq immunitetimiz zəifləyəndə bu terrorçu zehniyyətə sahib məxluqlar daha da fəallaşacaqlar. Gec olacaq, tez olacaq bilmirəm, ancaq bu mübarizəni ancaq fədakar çekistlərimizin, polislərimizin üzərinə qoymaqla məsələ çözülməz. Beş-altı siyasətçi, jurnalist, ilahiyyatçının səyləri ilə də iş çözülməz. İctimai institutlarımız, media şəbəkəmiz, ideoloji qurumlarımız, ictimai xadimlərimiz bu dünyəvi dövləti qoruma savaşının ön cinahına yerləşməlidir. Məhz bu boşluğa görə indi də bu izahı özüm verməli oluram. Çünki gözlədim, bəlkə kimlərsə bunun bir millət və Vətən məsələsi olduğunu dərk edəcək. Hər halda ötən il terror hadisəsi baş verdikdən sonra Aqşin Yeniseyin kədərli yazısı və məhkəmə yekunlaşandan sonra Novella Cəfəroğlunun cəsur mövqeyi hələ ki, azsaylı təsəllilərimizdən sayıla bilər. Biz öz yolumuzda yenə də varıq, millətimizlə, dinimizlə, dövlətimizlə tərbiyəsiz davrananların qarşısında da varıq!".