Ukrayna özünün etmədiyini Azərbaycandan tələb etmək istəyir
Ukraynada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) boykot edilməsi ilə bağlı kampaniya başlayıb. Xüsusilə sosial şəbəkələrin Ukrayna seqmentində bu istiqamətdə paylaşımlara rast gəlmək olur. Boykotun səbəbi şirkətin “Qazprom”la strateji tərəfdaşlığı genişləndirməsi, bu istiqamətdə razılaşma əldə etməsi olaraq göstərilir.
Maraqlısı isə budur ki, Azərbaycanı Rusiya ilə əməkdaşlıqda qınayan Ukraynanın özü rus qazının Avropaya tranzitini həyata keçirir və rəsmi Kiyev bundan milyonlar qazanır. Deməli, Bakıya qarşı bu cür qınaqlar yersiz və lazımsızdır.
Üstəlik, Azərbaycanın torpaqlarının 30 il işğal altında qaldığı dövrdə Ukraynanın Ermənistanla əməkdaşlığı dayandırdığına dair heç bir fəaliyyət görülmədi.
44 günlük Vətən müharibəsində Azərbaycan Ukraynadan heç bir dəstək görmədiyi halda, bu ölkənin Rusiya ilə müharibəsində etdiyi yardımları isə xatırlatmaq yerinə düşər.
Siyasi şərhçi Turan Rzayevin sözlərinə görə, Azərbaycanın dəstəyinin qarşılığında SOCAR-ı boykot etmək çağırışları sadəcə, təəssüf doğurur və Ukrayna vətəndaşlarını mühüm resurslara çıxışdan məhrum etməklə yalnız zərər verə bilər:
“Ukraynada SOCAR-la bağlı başlanan kampaniya təəssüf doğurur, lakin Kiyevin indiki məqamda Bakı ilə münasibətləri pozacaq addımlar atması inandırıcı görünmür. Məsələ ondadır ki, Azərbaycan Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləmir. Həmçinin rəsmi Bakı Kiyevə müharibənin ən kritik anlarında humanitar yardımlar edib, pulsuz yanacaq verib. Prezident Volodimir Zelenskinin və hökumətinin bütün bunları unudub sırf “Qazprom”la strateji tərəfdaşlığın genişləndirilməsi barədə razılaşma əldə etdiyi üçün SOCAR-ı boykot etməsi inandırıcı deyil. Ümumiyyətlə, SOCAR-ın “Qazprom”la imzaladığı sazişin mətninə baxdıqda görmək olur ki, bunun Ukraynaya heç bir aidiyyəti yoxdur. Belə ki, iki şirkət arasında “Şimal-Cənub” layihəsi konsteksində tərəfdaşlıq var və inkişaf edir. Yeni razılaşmanın detallarını isə “Qazprom”un rəhbəri Aleksey Miller açıqlayıb. “Qazprom” və SOCAR arasında qarşılıqlı faydalı tərəfdaşlıq dinamik inkişaf edir. Buraya “Şimal-Cənub” layihəsi, cari ilin sentyabrında genişmiqyaslı elmi-texniki əməkdaşlıq proqramının imzalanmasına dair razılaşma daxildir. “Qazprom”un rəhbəri Aleksey Miller şirkətlər arasında çoxşaxəli strateji tərəfdaşlığın genişləndirilməsi ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Bütün bunlara baxmayaraq, SOCAR-a qarşı boykotu məntiqli hesab edənlər varsa, deyim ki, müharibəyə, sanksiyalara baxmayaraq, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək Avropaya çatdırılır. Bu satışdan isə yenə ən böyük gəliri “Qazprom” götürür, Ukrayna isə tranzit haqqı alır. Söhbət təkcə SOCAR-ın hədəf alınmasından getmir. Çünki bu, şirkətə qarşı ilk boykot cəhdi deyil. Belə ki, bir müddət öncə şirkətin İstanbuldakı ofisi etirazçıların hücumuna məruz qalmışdı. “Fələstin üçün min gənc” adlı qrup neft şirkəti ofisinin üçrəngli bayrağımızın rəngləri olan divarlarına qırmızı boya atıb, giriş qapılarını sındırmağa cəhd etmişdi. Həm İstanbuldakı bu olay, həm də Ukraynada başladılan boykot ehtimal ki, eyni mərkəzdən idarə olunur. Çünki SOCAR-a qarşı aparılan kampaniyalar məhz dost və əməkdaşlıq etdiyimiz ölkələrdə olur. Həmin ölkələrin, hökumətlərin belə bir şey etməsi məntiqsizdir”.
T.Razyev hesab edir ki, hər iki prosesin arxasında erməni lobbisi və diasporu, hətta Fransa dayanır:
“Kampaniyalar SOCAR üzərindən aparılsa da, məqsəd Azərbaycanın nüfuzunu zədələmək, etibarına xələl gətirməkdir. Məsələn, Ukraynadakı boykot Azərbaycanın müharibədə Rusiyanı dəstəklədiyi təəssüratını yaratmağa hesablanıb. Bununla Qərbin Bakıya təzyiq etməsi istənilir. İstanbuldakı hadisədə isə Azərbaycanın İsrailə dəstək verdiyi fikri yaradılır, buna görə islam ölkələrinin Bakıya təzyiq göstərməsi istənilirdi. Nəticə etibarilə hər iki olay və hesablandığı məqsəd bənzərdir. Bu da prosesin vahid mərkəzdən idarə edildiyini göstərir”.
Digər siyasi şərhçi Asif Nərimanlı isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan öz iqtisadi və siyasi maraqlarını nəzərə alaraq qonşularla dinc yaşama prinsipinə əməl edir. Xüsusilə də, Rusiya ilə əməkdaşlıqda bunu prioritet hesab edir:
“SOCAR-ın müharibə vaxtı pulsuz yanacaq verməsindən tutmuş, Ukraynada fəaliyyətinin bu ölkəyə verdiyi iqtisadi xeyirlərinə qədər (ən böyük vergi ödəyicilərindəndir) bir çox məsələni qeyd etmədən bir məqama diqqət etmək lazımdır. Müharibəyə rəğmən, Rusiya qazı hələ də Ukrayna ərazisindən keçərək, Avropaya çatdırılır və bundan “Qazprom” böyük pullar qazanır, rəsmi Kiyev də tranzit haqqı alır. O zaman, nə üçün bu tranzitin ləğv edilməsi tələb olunmur?!
Tranzitin dayandırılmamasını “5 illik müqavilə” ilə izah edirlər. Necə olur ki, Ukrayna Avropanın enerjisiz qalmaması, həm də tranzit haqqı qazanmaq üçün müharibə apardığı Rusiya ilə müqavilənin şərtlərinə əməl edir, Azərbaycandan isə əməkdaşlığı kəsməyi istəyirlər?! Rusiya qazının Ukraynadan keçərək, Avropaya daşınması ilə bağlı razılaşma bu ilin sonunda başa çatacaq. Avropa İttifaqı isə müqavilənin ən azı 2025-ci ilin sonuna qədər uzadılmasını istəyir və məlumatlara görə, bunun üçün Azərbaycandan Rusiya ilə danışıqlarda vasitəçilik etməsini xahiş edirlər.
Bütün bunların fonunda SOCAR-ın “Qazprom”la əməkdaşlığına qarşı başlanan kampaniyadan bir nəticə çıxır: Ukrayna özünün etmədiyini Azərbaycanın etməsini istəyir”.