Liderlər ən doğru yolu seçib -ŞƏRH

Azərbaycan Özbəkistan münasibətləri ən üst səviyyəyə yüksəlir


Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətləri bu ölkələrin dövlət başçılarının səyləri nəticəsində yaradılıb.
Cənab Prezident İlham Əliyevin avqustun 22-23-də Özbəkistana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, həqiqətən də iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin bu gün tamamilə yeni mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub. Bu münasibətlər həm Özbəkistan, həm də Azərbaycan xalqları tərəfindən təqdir olunur və alqışlanır. Çünki hər iki xalq dövlət başçılarının münasibətlərinin, qarşılıqlı səfərlərinin müsbət nəticələrini əməli şəkildə görür. Bu məqamlar Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də Daşkənddə mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini tapıb.

Milli maraqlara əsaslanan praqmatik siyasi xəttin tərəfdarı olan İlham Əliyev və Şavkat Mirziyoyev müasir dünyada inkişafa və tərəqqiyə yalnız qarşılıqlı faydalı əməkdaşlıqla, müttəfiqliklə nail olmağın mümkünlüyünü düzgün qiymətləndirir və bu istiqamətdə addımlar atırlar. 2023-cü ildə Prezident Şavkat Mirziyoyevin işğaldan azad olunan Füzuli rayonunda Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin açılışında iştirakı ölkələrimiz arasındakı dostluq və qardaşlığın rəmzinə çevrildi. Bu gün hər iki dövlət başçısı beynəlxalq səviyyədə iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün faydalı əməkdaşlıq edir. Özbəkistan təbii resurslarını məhz Transxəzər marşrutu vasitəsilə Azərbaycan üzərindən ixrac etmək niyyətindədir.

İki ölkə arasında münasibətlərin inkişafını "Sherg.az"a təhlil edən siyasi şərhçi Azər Həsrət Azərbaycan və Özbəkistan arasındakı mübasibətlərin sevindirici məcraya yönəldiyi qənaətindədir:

 “Özbəkistanla Azərbaycanın münasibətləri istər sovet dönəmində, istər ondan öncəki illərdə, istərsaə də qədim tarixdə hər zaman yaxın və doğma olub. Lakin indiki mərhələdə iki dövlət arasında münasibətlər ən yüksək səviyyədədir: Təsadüfi deyil ki, Özbəkistan Orta Asiya ölkələri arasında yeganə dövlətdir ki, Ermənistanla diplomatik münasibətlər qurmur. Onlar Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətlə yaxın əlaqələrə maraq göstərməyiblər. Bunun özü çox məsələdən xəbər verir. Şəxsən Özbəkistanı yaxşı tanıyan, qardaş ölkə ilə geniş əlaqələrə malik biri kimi deyirəm ki, həqiqətən özbək bacı-qardaşlarımız Azərbaycana və azərbaycanlılara çox doğma münasibət göstərirlər. Onlar bizi özlərindən fərqli saymırlar. Eləcə də, biz özümüzü onlardan fərqli saymırıq, çünki eyni millətik. Mədəniyyətimiz, keçmişimiz və gələcəyimiz birdir. Prezidentlərimiz arasındakı dostluq, qardaşlıq münasibətləri də bütün dünyaya örnək olacaq səviyyədədir. Bu baxımdan Özbəkistanla Azərbaycanın münasibətləri təqdirəlayiq səviyyədədir".

A.Həsrətin sözlərinə görə, qarşılıqlı səfərlərin mütəmadi xarakter alması, iki  qardaş dövlət arasındakı münasibətlərin ən üst səviyyəyə yüksəlməsinə xidmət edir:
"Bu çox sevindirici və arzuolunan bir prosesdir. Siyasi və iqtisadi münasibətlərin daha da sıxlaşdırılmasına çox ciddi ehtiyac var.  Bizi bir-birimizə tarixi köklər, milli etnik kimliyimiz bağlayır. 100 -1000 illər  öncəsində də bu coğrafiya bir-bütöv olub. Tarixin müxtəlif mərhələlərində qardaş ölkələr ayrı düşsələr də, bizi bağlayan dəyərlər sayəsində  biz mi milli kimliyimizi qorumuşuq. 
Eyni millətin fərdləri olan azərbaycanlılarla özbəklər arasındakı münasibətlər hər zaman yüksək səviyyədə qorunmalıdır. Bu baxımdan prezident İlham Əliyevin bu istiqamətdə atdığı addımlar, dövlətlərarası münasibətlərin inkişafına yönəlik cəhdləri təqdirəlayiqdir. Eyni münasibəti qardaş ölkədən də görürük. Özbəkistanın siyasi rəhbərliyi, prezidenti Şavkat Mirziyoyev  və digər rəsmilər Azərbaycanla münasibətlərin üst səviyyəyə yüksəlməsi üçün əllərindən gələni edirlər. Buna isə ancaq sevinmək olar". 

Azərbaycan və Özbəkistanın dövlət başçılarının  iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini xatırladan siyasi şərhçi qeyd edib ki, bu da hər iki ölkənin iqtisadi inkişafına təkan verməklə yanaşı, regional inkişafı da stimullaşdırır:
“Ticarət sahəsində əməkdaşlıq Özbəkistanla iqtisadi münasibətlərdə əsas istiqamətlərdəndir. Ötən il Özbəkistanla ticarət dövriyyəsinin həcmi 180 milyon ABŞ dollarına yaxın olub. Bu ilin ilk 5 ayında isə bu göstərici təqribən 70 milyon ABŞ dolları təşkil edib. Azərbaycanda sənaye, ticarət, nəqliyyat, tikinti, kənd təsərrüfatı və xidmət sahələri üzrə Özbəkistanın 90-dan çox şirkəti qeydiyyatdan keçib. Sənayeyə birgə investisiya qoyuluşu uğurlu əməkdaşlıq nümunələri yaradıb. Hacıqabul Sənaye Parkında birgə layihə çərçivəsində avtomobil istehsal edilir. Bu il iyulun 1-nə olan məlumata görə, əməkdaşlıq çərçivəsində 5300-dən çox “Chevrolet” avtomobili istehsal olunub. Bundan başqa, birgə pikap, yük maşını və avtobus istehsalı həyata keçirilir. Azərbaycanda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması istiqamətində uğurlu işbirliyi davam etdirilir. Regionlararası forumlar bu sahədə, eləcə də mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verir. Azərbaycan və Özbəkistanın nəqliyyat-tranzit sahəsində də böyük potensialı var”.