Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini sürətləndirəcək
Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Araqçıya zəng edib. Məqsəd İranın yeni təyin olunan xarici işlər naziri ilə ilk təmasın yaradılmasıdır. Belə ki, 25 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, telefon danışığı zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib. Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib.
XİN başçıları arasındakı telefon danışığını “Sherg.az”a açıqlamasında təhlil edən politoloq Asif Nərimanlı deyib ki, Ceyhun Bayramovla Seyid Abbas Araqçı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyini, habelə regional məsələləri müzakirə ediblər. Xüsusən də Qafqaz regionunda baş verən hadisələr, eləcə də bəzi beynəlxalq məsələlər iki nazir arasında müzakirə olunan mövzular sırasında yer alıb.
Politoloq əsas diqqəti iki gün öncə İrəvandan Tehrana eyni məqsədlə edilən telefon zənginə yönəldib. Onun sözlərinə görə, Ermənistanın XİN başçısı Ararat Mirzoyanın zəngi Putinin Paşinyanla telefon danışığı fonunda xüsusilə diqqət çəkib. Və istisna deyil ki, Mirzoyan Araqını təbrik etməklə yanaşı, Rusiyanın təzyiqi qarşısında regional dəstəyin davam etdirilməsini də istəyib:
“Putin Bakıda verdiyi vədə uyğun olaraq, Moskvaya qayıdan kimi Paşinyana zəng etdi və Əliyevlə danışıqlarla bağlı onu məlumatlandırdı. Bakı-Moskva-İrəvan diplomatik trafikində Rusiyanın hədəfi bəllidir. Həm sülh danışıqlarında, həm də bu danışıqların alt bəndlərində - sərhədin delimitasiyası, kommunikasiyanın açılması – arxa plana keçmiş iştirakçılığını aktuallaşdırmaq.
Kremlin rəsmi məlumatında da qeyd olunur ki, Putin Paşinyana Rusiyanın Ermənistan və Azərbaycana sülh müqaviləsinin hazırlanmasında, sərhədlərin demarkasiyası və delimitasiyasında, həmçinin, nəqliyyat və logistika əlaqələrinin açılmasında yardım etməyə hazır olduğunu deyib.
Əsas diqqətçəkən məqam telefon danışığı ilə bağlı İrəvanın rəsmi məlumatının fərqli olmasıdır. Rəsmi məlumatdan aydın olur ki, Paşinyan Putinin sülh danışıqlarının Moskvada davam etdirilməsi istəyini qəbul etməyib.
Həmçinin nəqliyyat və logistika əlaqələrinin Rusiyanın iştirakı ilə (Zəngəzur dəhlizində FTX-nin dayanması) açılması məsələsinə qayıdışı qəbul etməyib.
Bu, regionda, xüsusilə Zəngəzur dəhlizi ətrafında intirqaları kəskinləşdirir. Putinin Bakı səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyinin verdiyi açıqlamalar da bundan qaynaqlanırdı. Lavrov kommunikasiyanın açılmamasına görə Ermənistanı ittiham etdi, onun sözçüsü Zaxarova isə bir qədər də irəli gedərək, regionda kommunikasiyanın açılması üzrə Üçtərəfli İşçi Qrupunun danışıqlarındakı detalları açıqladı. Görünür, dəhlizin 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun açılmasının çətin olduğunu, xüsusilə Qərbin önə çıxdığını anlayan Moskva da eyni prinsipin FTX-nın iştirakı ilə reallaşmasını irəli sürüb və Zaxarovanın açıqlamasına görə, razılaşdırılıb da, hərçənd, İrəvan razılaşmanın praktiki müstəvidə işə düşməsinə imkan verməyib, çünki bunu təkcə Paşinyan yox, onun Qərb tərəfdaşları da istəmir. Putinin Paşinyandan istəyi budur, həm Bakının, həm İrəvanın maraqlarına uyğun ortaq mövqeyin tapılması – Naxçıvana maneəsiz keçidin “Azərbaycandan Azərbaycana prinsipi” üzrə açmaq və rusların dəhlizdə mövcudluğunu təmin etmək, nəticədə regiondankənar oyunçuları oyundan çıxarmaq. İrəvanın telefon danışığı ilə bağlı açıqılaması Putinə diplomatik dillə “yox” cavabının verildiyini deməyə əsas verir”.
A. Nərimanlı hesab edir ki, bu məqam Bakının maraqları fonunda Rusiya təzyiqinin İrəvana yönəlməsi baxımından sərfəlidir:
“Azərbaycan Moskvada danışıqların davam etdirilməsinə hazır olduğunu bəyan etdi, eyni zamanda kommunikasiyanın FTX-nin iştirakı ilə açılması Bakının Naxçıvana çıxış əldə etmək planına zidd deyil. Bakı diplomatik manevrlə məsələni Moskva-İrəvan xəttinə yönəldir və Rusiyanın Ermənistana təzyiqinə zəmin yaradır. Mövcud vəziyyətdə nəqliyyat dəhlizlərinin Rusiya üçün həyati əhəmiyyətini nəzərə alanda İrəvana təzyiqin güclənəcəyi görünür. Putin-Paşinyan danışığından bir neçə saat sonra Mirzoyanın Tehrana zəngi də yaranmış vəziyyəti İrana izah etmək və regional müstəvidə dəstək əldə etmək məqsədi daşıyırdı. Ermənistan Rusiya təzyiqinə qarşı İranla yanaşı, Qərb qüvvələrinin bölgədə möhkəmləndirilməsi işini də sürətləndirəcək. Bu məqsədlə Azərbaycanla sərhəddə təxribat hücumlarının genişlənəcəyi istisna edilməməlidir”.