Seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

İndiyə qədər emal olunmuş məlumata əsasən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 50 qurumu təmsil edən və 69 ölkənin vətəndaşları olan, ümumilikdə 604 beynəlxalq müşahidəçi qeydə alınıb.

Bunu “Report”a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O qeyd edib ki, onların arasında böyük qruplarla təmsil olunan təşkilatlar da var:

“Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, eyni zamanda ATƏT Parlament Assambleyası, MDB-nin seçki müşahidə missiyası, bir çox ölkələrin parlamentləri və ayrı-ayrı ölkələrin ali seçki qurumlarının nümayəndələri də müşahidəçilər sırasına qoşulub”.

MSK sədrinin müavini bildirib ki, Azərbaycan tərəfindən 82 quruma seçkiləri müşahidə etmək üçün dəvətlər ünvanlanıb ki, onların 48-i Milli Məclis, 7-si Xarici İşlər Nazirliyi, 27-si isə MSK tərəfindən özünün həmkar qurumlarına göndərilən dəvətlərdir.

“Hazırda ölkədə keçirilən seçkilərə fəal beynəlxalq marağın şahidiyik. İşğaldan azad olunmuş ərazilərdə müşahidəçiliklə bağlı 2024-cü ilin fevralında keçirilmiş Prezident seçkilərində bəzi qurumlara müraciət etsək də, onlar həmin ərazilərdə müşahidəçiliyə, səsverməni izləməyə o qədər də həvəsli yanaşmırdılar. Halbuki biz bunu dəfələrlə görüşlərdə də səsləndirmişdik, çağırışlar da etmişdik”.

O, ümid etdiyini bildirib ki, bu dəfə azad olunmuş ərazilərdə müşahidə aparan beynəlxalq müşahidəçilərin sayı daha çox olacaq, beynəlxalq təşkilatlar respublikanın digər ərazilərində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə də keçirilən səsvermə prosesinin müşahidəsində iştirak edəcəklər:

“Biz azad olunmuş ərazilərdə seçkilərin müşahidəsi ilə əlaqədar istənilən texniki yardımla bağlı məsələlərdə onlara kömək etməyə hazırıq”.

“Bir daha xatırladım ki, indiyə qədər emal olunmuş məlumata əsasən, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 69 ölkə və 50 qurumdan olan 604 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Hesab edirəm ki, bu, kifayət qədər böyük rəqəmdir”.

O qeyd edib ki, əvvəllər olduğu kimi, bu seçkilərdə də qeyri-hökumət təşkilatları, o cümlədən siyasi partiyalar və vətəndaşlar aktivlik nümayiş etdirirlər.

“Milli Məclisə seçkilərdə 25 siyasi partiya namizədləri ilə təmsil olunur. Müşahidələrimizdən belə qənaətə gəlmək olar ki, siyasi partiyalar hətta öz namizədlərinin iştirak etmədiyi dairələrdə belə müşahidəçilik aparmağa çalışırlar. Parlament seçkiləri ilə əlaqədar yerli müşahidəçilərin sayı 109 mini ötüb. Onların təxminən 65 mini siyasi partiyaların təmsilçiləridir, 5 mindən çoxu isə QHT və vətəndaş cəmiyyətini təmsil edir. Bu əvvəlki parlament seçkiləri ilə müqayisədə daha yüksək rəqəm olmaqla, ictimaiyyətin seçkilərə marağını əks etdirir. Bunlar şəffaflıq naminə atılmış addımdır və biz də bunu yüksək qiymətləndiririk. Bir daha yerli müşahidə missiyasına qoşulan qurum və təşkilatlara təşəkkür edirik”.