Yol çəkmək, ev tikmək, seçicinin tarlasındakı otu biçmək deputatın vəzifəsi deyil
"Azərbaycanda parlamentin nüfuzu ilə bağlı ciddi qayğılar var. Cəmiyyətdə çox adam düşünür ki, deputatlar əllərini ağdan-qaraya vurmadan hər ay yüksək məbləğdə məvacib alırlar. Hesab edirəm ki, qanunverici orqanın nüfuzunu artırmağa ehtiyac var".
Bu sözləri "Yenisabah.az" saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə "Sherg.az"a açıqlamasında deyib. JAM rəhbəri bildirib ki, REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin deputatlığa namizədlərlə bağlı çağırışına laqeyd yanaşmaq olmaz: "Düzdür, bu tendensiya əvvəlki seçkilərdə özünü daha qabarıq formada göstərirdi. Amma bu dəfə də yalan, qeyri-real vədlərlə seçicinin aldadıldığının şahidi olduq. Yol çəkmək, ev tikmək, seçicinin tarlasındakı otu biçmək deputatın vəzifəsi deyil. Deputatın vəzifəsi cəmiyyəti irəliyə aparan yeni, mütərəqqi qanunlar yazmaqdır. Təəssüf ki, deputatlığa namizədlər arasında xeyli adamın deputatın vəzifə və səlahiyyətlərindən xəbəri yoxdur. Seçki mübarizəsinə qoşulanların hamısının səmimi olduğu da sual altındadır. Kampaniya göstərdi ki, çox adam korporativ maraqlarını təmin etmək üçün seçkilərdə iştirak edir. Hətta parlament seçkilərinə varlanmaq, pul qazanmaq üçün vasitə kimi baxanlar da var. Bu cür neqativ hallar bütövlükdə seçki kampaniyasına kölgə salır".
S.Verdizadənin fikrincə, seçicinin səsini almaq üçün şirnikləndirici sayılan qeyri-real vədlər vermək doğru deyil: "Deputatlığa namizəd verdiyi vədləri deputat seçiləndən sonra reallaşdırmadığı üçün seçicinin ona, onun timsalında isə Milli Məclisə inamı azalır".
Xatırladaq ki, REAL TV-nin rəhbəri Mirşahin Ağayev parlament seçkiləri öncəsi təbliğat-təşviqat kampaniyası aparan deputatlığa nəmizədlərə çağırış ünvanlayıb. O, əksər namizədlərin Milli Məclis təmsilçisinin vəzifə və səlahiyyətlərinə aid olmayan vədlər verməsini tənqid edib. Namizədləri insanlara yalan vədlər verməməyə və qanunlarla bağlı danışmağa səsləyib: "Millət vəkilliyinə namizədlərin kifayət qədər geniş bir kütləsi, deyəsən, hansı post üçün mübarizə apardığını başa düşmür. Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda bir neçə gün var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. TV rəhbəri qarşıdan gələn seçkinin nə prezident, nə də bələdiyyə seçkiləri olduğunu deyib: "Axı siz parlamentə yol çəkməyə getmirsiniz, kitabxana açmağa getmirsiniz, qiymətləri aşağı salmağa getmirsiniz. Siz qanun qəbul etməlisiniz. Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız. Bağışlayın məni, amma axı yalan danışırsız.. Olmaz axı belə. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin".